2016-03-25
Azərbaycan və YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlığa dair imzalanmış Çərçivə Sazişinin ilk iclası keçirilib

Parisdə YUNESKO-nun baş qərargahında Azərbaycanın bu təşkilatdakı Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizin bu təşkilatın proqramları çərçivəsindəki fəaliyyəti ilə bağlı rəhbər komitənin ilk iclası keçirilib.

İclasın əvvəlində Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov Azərbaycan-YUNESKO əməkdaşlığının tarixinə toxunaraq, ölkəmizin müstəqilliyini bərpa edəndən sonra üzləşdiyi çətinliklərdən söz açıb.

Müstəqilliyinin ilk illərindən ölkəmizin 20% ərazisinin Ermənistan tərəfindən işğal edilməsindən, onun ağır nəticələrindən, çətin günlərində aldığı hümanitar yardımlardan, ölkəmizin qısa müddətdə əldə etdiyi iqtisadi dirçəlişdən danışıb.

Anar Kərimov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan-YUNESKO əlaqələrinin inkişafına verdiyi töhfələrdən söz açıb. Bilidirlib ki, təşkilatın prinsip və humanitar fəaliyyətini daima dəstəkləyən Azərbaycanın birinci xanımının verdiyi töhfələrin sayəsində YUNESKO ilə əməkdaşlıq ötən illər ərzində məhsuldar olub.

Rəhbər komitənin illik yığıncağının Azərbaycan ilə YUNESKO arasındakı ikitərəfli əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyi bildirilib.

Yığıncaqda Azərbaycanın YUNESKO proqramları çərçivəsində həyata keçirdiyi layihələr haqqında hesabatlar dinlənilib.

Azərbaycanın bir çox ölkələrdə, xüsusilə də Tanzaniya, Liberiya, Uqanda və Keniyada qızların təhsili üzrə, Mərkəzi Asiyada elm üzrə Avisenna, mədəniyyətlərarası dialoq, təhsil, elm və mədəniyyət sahəsində reallaşdırdığı layihələr haqqında müfəssəl məlumat verilib.

Tədbirdə ölkəmizin YUNESKO üzrə Milli Komissiyasının, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO yanında Daimi Nümayəndəliyimizin nümayəndələri iştirak edib.

Yığıncaqda növbəti il üçün fəaliiyət planı müzakirə olunub.

növbəti xəbər əvvəlki xəbər