Muğam

Muğam

Söz açımı

Muğam — Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı.

"Muğam" sözü ərəbcə "dayanacaq", musiqidə "səs qatarı" deməkdir. "Məqam" sözü simli alətlərdəki "pərdə" mənasına gəlir.

Fars dilində "muğam" sözünün qarşılığı "gah"dır və bəzi muğam terminlərində rast gəlinir: Yegah, Dügah, Segah, Çahargah, dəstgah.

Yegah - Rast muğamının ikinci adıdır. Fars dilində işlədilən “Yegah” (birinci) sözünün mənası, ərəb dilində işlədilən “Rast” (düz, doğru, dürüst) ilə uyğun gəlir. Keçmişdə və hal-hazırda türk musiqisində “Rast”a bəzən “Yegah” da deyirlər.

"Dügah" fars sözüdür, tərcüməsi "iki mövqe, məkan, vəziyyət", məcazi mənası "2 vaxt" deməkdir. Məsələn, axşam-səhər, gecə-gündüz və s.
"Segah" "üç mövqe, məkan, vəziyyət" deməkdir. Forma etibarilə “Segah” muğamına baxsaq, onun 3 böyük hissədən ibarət olduğunu görərik. Bu hissələr “Zabol”, “Segah” və “Hissar-müxalif”dən ibarətdir.

"Çahargah" – qədim musiqi alimlərinin fikrincə, göy gurultusu ilə əlaqədardır. Məhz təbiətin bu hadisəsi ilə əlaqədar olaraq yaranmışdır. Üzeyir Hacıbəyov “Çahargah” muğamının dinləyicidə coşğunluq və ehtiras hissi oyatdığını qeyd edir. “Çahargah” muğamı Yaxın Şərq xalqları musiqisində ən çox şöhrət qazanmış muğamlardan biri, onların musiqisinə mənsub muğam köküdür.

Pəncgah Rast muğamının zil pərdəsidir. Bu hissənin ahəngi çox gərgin və ciddidir. “Pəncgah” şöbəsinin “Rast” dəstgahında tutduğu mövqe çox əhəmiyyətli olduğundan, “Rast” dəstgahı çox zaman “Rast-Pəncgah” da adlandırılır. Iran musiqisində də “Rast-Pəncgah” adlı muğamın olmasını fransız alimi Jan Dürinq özünün “İran musiqisinin ənənələri və mənşəyi” adlı elmi kitabında bir daha təsdiq edir.

“Şeşgah” və “Həftgah” muğam və şöbə adı kimi heç bir mənbədə qeyd olunmayıb. Lakin, Əfrasiyab Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti” kitabında bu adlar diatonik səs düzümünün 6-cı Əfrasiyab Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti” - Şeşgah və 7-ci səsi Əfrasiyab Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti” - Həftgah kimi şərh olunur. Burada maraqlı bir sual meydana gəlir. Necə olur ki, eyni kökə sahib olan bu say adlarının bir qismi muğam və şöbə adı, digər qismi isə səs düzümünün pərdələri kimi adlanır?

“Dəstgah” (ər., far. dəst – komplekt + gah – mövqe, məqam, məkan) – müəyyən muğam tərkibinə daxil olan bütün şaxələr, şöbələr, guşələr, rədiflər, rənglər və təsniflərin küll halında, məntiqi inkişaf qaydası üzrə mütəşəkkil məcmusu.

Qədim muğamlar

Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas muğamı və 6 bürc isə 6 avazatı təmsil edirdi.

12 əsas muğam bunlar idi: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngulə, Rəhavi, Hüseyni və Hicaz. 6 avazat isə Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaştdan ibarət idi.

XIV əsrin axırlarına doğru baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq, bu möhtəşəm musiqi «binasının» divarları əvvəllər çatlamış və sonralar isə büsbütün uçub dağılmışdır.

Yaxın Şərq xalqları uçub dağılmış bu «musiqi binasının» qiymətli «parçalarından» istifadə edərək, özlərinin «lad tikinti» ləvazimatı ilə hər xalq ayrılıqda özünəməxsus səciyyəvi üslubda yeni «musiqi barigahı» tikmişdir. Təbiidir ki, 12 klassik muğamın adları və həmçinin bu muğamların özləri də böyük dəyişikliklərə uğramışdır: əvvəllər müstəqil hesab olunan muğamlar bəzi xalqlarda şöbə halına keçir və yaxud əksinə, əvvəllər şöbə hesab olunan musiqi sonralar müstəqil muğama çevrilir. Yenə də bu qayda ilə, muğam və onun şöbələrinin eyni adları ayrı-ayrı xalqlarda müxtəlif məna ifadə edirdi.

İndiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam «Rast»dır. Bu muğam kökünün möhkəm və məntiqli olması onun adının mə'nasına tamamilə uyğun gəlir. «Rast»-düz, doğru deməkdir. Qədim musiqişünaslar «Rast»ı muğamların anası adlandırırdılar. «Rast» muğamı yalnız öz adını və səsqatarını deyil, hətta öz mayə (tonika) ucalığını da zəmanəmizə qədər mühafizə etmişdir. Bütün Yaxın Şərq xalqlarında «Rast» muğamının quruluşu və mayə ucalığı eynidir. Bu mayə kiçik oktavanın «sol» səsindən ibarətdir. Aşağıdakı müqayisədən aydın olur ki, indi bizim kicik oktavanın «sol»u adlandırdığımız ton hələ antik dövrdə «Rast» ladının ucalığını göstərirmiş. Ərəb İran və Avropa musiqişünaslarına görə, qədim yunanlar yeddi səma cisimlərindən hər birinin Pifaqor tərəfindən icad edilmiş 7 tondan birinə müvafiq olduğunu zənn edirlərmiş. O tonlar bunlardır:

TonYunancaƏrəb—İranca
mi Ay Nəva
fa Merkuri (Ütarid) Busəlik
sol Venera (Zöhrə) Rast
lya Günəş Əraq
si Mars (Mərrix) Üşşaq
do Yupiter (Müştəri) Zirəfkənd
re Saturn (Züləl) Rəhavi (Rahab)

Beləliklə, buradan belə nəticəyə gəlmək olar ki, keçmiş zamanlarda muğam musiqisi 7 əsas avazdan ibarət olmuş və yuxarıda adları çəkilmiş ardıcıllıqla adlandırılmışdır. Sonralar isə, hər şey inkişaf etdiyi kimi muğamlar da inkişaf edərək zaman ötdükcə yeni şöbələr, güşələrlə zənginləşmiş və nəhayət, indiki dövrdə öz intişarını tapmışdır. Onu da qeyd etmək lazımdır ki, “Yegah”, “Dügah”, “Segah” və “Çahargah” bütöv muğam, “Çahargah” isə şöbə kim səslənir. Say adları ilə bağlı olan daha bir faktı göstərmək olar. Ərəb musiqisində yegah, dügah, segah, çahargah, pəncgah, şeşgah və həftgah səs düzümünün pərdələri kimi adlandırılır. Bu faktı ərəb musiqişünası Fərrux Ammarın yazılarında aydın görmək olar.

Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.

Çağdaş muğam növləri

 Musiqi irsimizdə geniş inkişaf etmiş sənəti hazırda milli musiqili – poetik incəsənətin əsas sahəsi kimi üç növdə təşəkkül tapmışdır:

    Muğam dəstgahları;
    Kiçik həcmli muğamlar;
    Zərbi muğamlar.
    Simfonik muğam

Çağdaş Azərbaycan musiqisində 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Humayun", köməkçi muğamlar isə "Şahnaz", "Sarənc" və "2-ci növ Çahargah"dır.

Muğam dəstgahlar bunlardır: Rast, Mahur-Hindi, Orta-mahur, Bayatı-qacar, Şur, Segah, Zabul-segah, Mirzə-hüseyn segahı, Şüştər, Çahargah, Bayatı-şiraz, Hümayun.