Xalçaçılıq sənəti

Azərbaycan xalçaları

Azərbaycan xalçaları – Şərq xalçaçılıq sənətinin bir qolu. 2010 – cu ilin noyabr ayında UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmışdır.Dünya müzeylərində çox zaman Qafqaz, İran , bəzən hətta erməni xalçaları adı ilə nümayiş etdirilir.

Azərbaycan xalçaçılıq tarixi

Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilərdövründə (III-VII əsrlər) Azərbaycandaxalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Alban tarixçisiMusa Kalankatlı (VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdır. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün toxunulan bu cür xalçalar "zərbaf" adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında məlumat verir. XVII əsr Holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verir.

Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədləri") əsərində naməlum müəllif Muğanda toxunulan palas və çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat verir, "Kitabi Dədə Qorqud" dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami, Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunur.

Azərbaycan xalçalarının dünya mədəniyyətinə təsiri

XIII – XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif

 və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə xalçası", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilmişdir.

XVIII əsrin II yarısında Azərbaycanın Şimalı kiçik feodal – Şəki, Bakı, Quba, Qarabağ, İrəvan, Gəncə, Naxçıvan, Şirvan, Təbriz, Ərdəbil və s. xanlıqlara bölünməyə başladı. Xanlıqlar dövründə xalça istehsalı xeyli genişlənmiş, hər xanlığın özünün xalçaçılıq karxanası olmuşdur. Xanlıqlar dövründə xalçaçılıq sənətinin inkişafı gələcəkdə xalçaçılıq məktəblərinin adının yaranmasına zəmin yaratdı.

1872-ci ildə Moskvada "Moskva – Politexnik" sərgisində və 1882-ci ildə "Ümumrusiya sənaye və incəsənət sərgisi"ndə nümayiş etdirilən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası və başqa yerlərdən gətirilmiş xalçalar və xalça məmulatlarının ən yaxşı nümunələri qızıl, gümüş medallara layiq görüldü. 1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (Italiya), 1913-cü ildə Londonda və Berlində təşkil edilmiş Beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalça və xalça məmulatlarından ibarət idi.

Xovsuz xalçaların növləri. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: – Palaz, Cecim, Ladı, Kilim, Şəddə, Vərni, Zili, Sumaxı.