Tar ifaçılıq sənəti

Tar

Tar — Azərbaycanda geniş istifadə edilən simli musiqi musiqi aləti.

Söz açımı

Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır.Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heçbirində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur.Altaist Sergey Starostin öz "Babil qülləsi" adlı etimoloji toplusunda "taram-/tera-" kökünün  (saç, tel, sim) yalnız türk və altay dillərində mövcud olduğunu göstərib, belə ki: qırğız, qazax, noğay, başqırd, qaraqalpaq dillərində "taramış" biçimində; özbək, uyğur, şor, oyrat dillərində isə "taram" kimi. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib , necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib . Azərbaycan türkcəsində "tarım" sözü (bərk dartılıb çəkilmiş)  indi də var. Mənasından belə bir sonuc çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir. Tarixən simli alətlərin telləri müəyyən üsullarla dartılmış heyvan bağırsaqlarından hazırlanmışdır .

"Dütar" sözü farsca "ikitelli", "setar" - "üçtelli", "çahartar" - "dördtelli", "pənctar" - "beştelli", "şeştar" - "altıtelli" deməkdir. "Setar / sitara" sözü yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır. 

Tarixi

Miladdan 2000 il öncə misirlilərin "Nabla" adlı musiqi aləti tarın ibtidai biçimidir. Misirlilərin nablası ilk dəfə Carco şəhərinin Fərab adlı bir kəndində X əsrdə Türküstan türklərindən Tərxanın oğlu Məhəmməd Əbunəsr Fərabi tərəfindən təkmilləşdirilmişdir.Altıncı simi tara güneyazərbaycanlı Dərviş Xan əlavə etmişdir .

Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində şair tarı belə təsvir edir:

Müğənni, tək bircə gecə də çal tar,
Məni bu dar yolda əzabdan qurtar!
Bəlkə, genişlənsin, açılsın yolum,
Köçüm, bu daşlıqdan asudə olum...

Orta əsr rəsm əsərlərində də tarın təsvirinə rast gəlmək olur. 1816-cı ildə Əbu Qasım Təbrizinin yağlı boya ilə çəkdiyi "Tarçalan qız" əsəri bu baxımdan maraqlıdır.

Dütar, setar, çahartar, pənctar və şeştar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir. Əbdülqadir Marağai "Məqasid əl-əlhan" əsərində şeştar (6 simli) barədə məlumat vermişdir.

XIX əsrin II yarısında Azərbaycanlı tarzən Mirzə Sadıq (Sadıqcan) tərəfindən tarın quruluş və formasında dəyişikliklər edilmişdir. O, tarın tutma qaydasında da dəyişikliklər edərək tarı diz üstündən sinəyə qaldırmışdır. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılmışdır.

Quruluş və forması

Quruluş və forma etibarı ilə başqa musiqi alətlərindən fərqli olan tar, əsasən, üç hissədən - çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq hissəsi tutdan, qol və kəllə hissələri isə qoz ağacından hazırlanır. Onun uzunluğu 850 mm, çanağının hündürlüyü 16 mm, eni 185 mm-dir. Qoluna 22 pərdə bağlanır. Çanagının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Müxtəlif diametrli 11 metal simi vardır. Sümük ya ebonitdən hazırlanmış kiçik mizrabla dilləndirilir.

  • Simlər üç qrupa bölünür:
  1. Ağ, sarı və kök simlər (hər biri bir olur).
  2. Kök sim (tək qalın sim yalnız muğamla ifa olunur).
  3. Zəng simlər (cingənə; iki cüt olur).

Tar sinədə üfüqi tutulur, sağ əlin biləyi ilə çanaq hissəsi döşə sıxılır, simlər baş və şəhadət barmaqlarının arasında tutulmuş mizrab vasitəsi ilə ehtizaza gətirilir. Tarın qolu sol əlin baş və şəhadət barmaqları arasında sıxılır, sağ əlin ehtizaza gətirdiyi simlər sol əlin şəhadət, orta və adsız barmaqları ilə müxtəlif pərdələri sıxmaqla çalınır. İfa zamanı texniki və bədii imkanları təmin etmək üçün trel və müxtəlif mizrabvurma üsullarından, ştrixlərdən istifadə edilir. Üstmizrab, altmizrab, üst-altmizrab, alt-üstmizrab, rux (sağ-sol) mizrab, santurmizrab (üstaltüst) və digər ştrixlərdən əlavə, lal barmaq, dartma sim (vibrasiya), sürüşdürmə barmaq (qlissando) kimi ştrix və üsullardan da istifadə olunur. İfaçı mizrabı simə vuraraq tarı döşünə sıxmaqla səsi uzun müddət dalğalandırır. Alınmış bu fasilə zamanı yaranan effekt "xum" adlanır.

Tar üçün notlar "do" sistemli metsosoprano açarında yazılır. Tarın səs düzümü xromatik olub, 2,5 oktavanı əhatə edir. Diapazonu kiçik oktavanın "do" səsindən ikinci oktavanın "sol" səsinə kimidir.

  • Bas tar (Bəm tar) - tarın ən aşağı registrə malik növü; qalın, bəm səsli simli-dartımlı musiqi aləti. XX əsrin 60 illərində musiqi kollektivlərində bas (bəm) səslərə olan ehtiyacı ödəmək üçün yaradılmışdır (Varid Fərzəlibəyov tərəfindən). Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır.