2018-06-06
Azərbaycan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib

Azərbaycan Respublikası UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.

İyunun 4-6-da Fransanın Paris şəhərində UNESCO-nun baş qərargahında təşkilatın Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyası keçirilib.

Sessiya çərçivəsində Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitədə azad olmuş yerlərə seçkilər keçirilib. İkinci qrup üzrə 2 yerə Azərbaycan, Belarus, Gürcüstan, Polşa, Slovakiya, Rumıniya və Makedoniya olmaqla 7 dövlət namizədliyini irəli sürmüşdü. Aparılmış geniş təbliğat-təşviqat kampaniyası nəticəsində Azərbaycan qrupda 90 səslə namizədlər arasında ən çox səs yığaraq komitəyə üzv seçilməyə nail olub. Digər yerə isə 52 səslə Polşa seçilib.

Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə namizədliyini dəstəkləyən bütün dövlətlərə təşəkkür edirik.

Azərbaycan Respublikası 2010–2014-cü illərdə Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitədə təmsil olunub və ölkəmizə yenidən bu etimadın göstərilməsi beynəlxalq müstəvidə, o cümədən UNESCO-da Azərbaycanın qazandığı nüfuzun növbəti təsdiqidir.

Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı, Azərbaycan Respublikası Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Mehriban xanım Əliyevanın dəstəyi sayəsində ötən müddətdə Azərbaycan muğamı, aşıq sənəti, Azərbaycan tar ifaçılıq sənəti, kamança lavaş, kəlağayı və digərləri daxil olmaqla, ölkəmizin 11 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun siyahılarına daxil edilib.

2018-2022-ci illəri əhatə edən dövr ərzində komitəyə üzv dövlət olaraq Azərbaycan dünyada qeyri-maddi irsin qorunmasına öz töhfəsini vermək və zəngin təcrübəsini paylaşmaq, üzv dövlətlərlə əməkdaşlıq ruhunda birgə fəaliyyət həyata keçirmək, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyadan irəli gələn məqsədlərin həyata keçirilməsinə yaxından dəstək vermək, həmçinin qeyri-maddi mədəni irs incilərimizi beynəlxalq səviyyədə təşviq etmək istiqamətində səylərini əsirgəməyəcək.

əvvəlki xəbər