2018-11-21
Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib

Parisdə UNESCO-nun mənzil-qərargahında Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib.

Azərbaycanın sədrliyi ilə keçirilmiş iclası ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov açıb. O, ölkəmizi İrs Komitəsinin sədri seçdiklərinə görə komitə üzvlərinə təşəkkürünü bildirib. Qeyd edib ki, ölkəmizin 2019-cu ildə İrs Komitəsinin növbəti sessiyasına uğurla ev sahibliyi edəcəyinə əmindir. Səfir ölkəmizdə irsin mühafizəsi sahəsində görülən işlərdən danışıb.

Tədbirdə UNESCO İrs Mərkəzinin direktoru xanım Meçdild Rossler çıxış edərək, xüsusi işçi qrupunun fəaliyyəti ilə bağlı məlumat verib.

Bildirilib ki, Ümumdünya İrs Komitəsinin gələn il Bakıda keçiriləcək 43-cü sessiyasına hazırlıq məqsədilə bu xüsusi işçi qrup təsis edilib. Xüsusi işçi qrup öz fəaliyyətini komitə iclasına qədər davam etdirəcək.

Qeyd edək ki, xüsusi işçi qrupun yaradılması haqqında qərar İrs Komitəsinin Bəhreyndə keçirilmiş sonuncu sessiyası zamanı qəbul edilib. Bu qrupun mandatına 1972-ci il UNESCO Konvensiyasının səmərəli şəkildə icra edilməsi və nominasiya prosesləri sahəsində islahatlarla bağlı məsələlər daxildir.

növbəti xəbər əvvəlki xəbər