2019-06-10
Gender bərabərliyi sahəsində Azərbaycan–YUNESKO birgə layihələri müzakirə olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Parisdə YUNESKO-nun gender məsələləri üzrə direktoru Saniye Gülser Corat ilə görüşüb.

Hicran Hüseynova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-YUNESKO münasibətlərinin inkişafında müstəsna rolunu vurğulayaraq, onun quruma verdiyi töhfələrdən söz açıb.

Görüşdə Dövlət Komitəsi və YUNESKO-nun birgə həyata keçirdiyi “Gender bərabərliyi və media”, “Qaçqın və məcburi köçkün qadınlara qarşı məişət zorakılığının qarşısının alınması” və “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının gücləndirilməsi” kimi layihələrindən, əldə olunan nailiyyətlərdən danışılıb. Ölkəmizdə elm sahəsində qadınların tutduğu mövqe, texniki sahədə onların sayının artdığı diqqətə çatdırılıb.

Gender məsələsinin YUNESKO-nun da prioritetlərindən olduğu nəzərə alınaraq, gələcəkdə bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi müzakirə olunub. YUNESKO-nun gender məsələləri üzrə direktoru Saniye Gülser Corat Pekin platformasının 25 illiyi münasibəti ilə BMT-də birgə layihə həyata keçirilməsi təklifini irəli sürüb. Bu tədbir vasitəsilə ölkəmizdə gender bərabərliyi sahəsində əldə olunan nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına dair fikir mübadiləsi aparılıb.

Görüşlərdə H.Hüseynova, ölkəmizdə gender bərabərliyinin təmin olunması, qadın hüquqlarının müdafiəsi, qadın sahibkarlığının genişləndirilməsi və ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verib, sözügedən sahə üzrə fikir mübadiləsi aparılıb.

növbəti xəbər əvvəlki xəbər