2020-01-21
Bakı şəhəri YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilib.

31 oktyabr – Dünya Şəhərlər Günü münasibətilə YUNESKO 48 ölkədən 66 şəhəri, o cümlədən, paytaxtımız Bakı şəhərini “Yaradıcı Şəhərlər” Şəbəkəsinə daxil edib. 

2004-cü ildən əsası qoyulmuş YUNESKO Yaradıcı Şəhərlər Şəbəkəsi (the UNESCO Creative Cities Network (UCCN)) mədəniyyət və yaradıcılığa dayanıqlı inkişafın sürətləndirici faktorları kimi yanaşan şəhərlər vasitəsilə beynəlxalq əməkdaşlığı dəstəkləyir. Adıçəkilən Şəbəkə inkişafını yaradıcılıq (sənət və sənətkarlıq, musiqi, dizayn, kino, ədəbiyyat, qastronomiya və rəqəmsal incəsənət) üzərində quran şəhərləri bir araya gətirərək, innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas meyarı hesab edir. 

 YUNESKO Yaradıcı Şəhərləri mədəniyyəti inkişaf strategiyalarının mərkəzinə yerləşdirərək, bir-biriləri ilə ən yaxşı təcrübələri bölüşürlər. 

Beləliklə, Bakının iqtisadi və mədəni cəhətdən böyük əhəmiyyətə, zəngin təbii, mədəni və tarixi irsə malik olduğu, onilliklər boyunca regionun yaradıcılıq mərkəzi olması, indi isə dizayn sahəsində innovativ layihələrin və startapların mərkəzinə çevrildiyi, Bakıda dizaynın qeyri-neft sektorunu şaxələndirmək və inkişaf etdirmək səyləri kontekstində yaradıcı iqtisadiyyatın vacib mənbəyi olduğu əsas tutularaq və bununla da şəhərin davamlı inkişafı üçün geniş potensiala malik olduğu vurğulanan bir fayl hazırlanaraq təqdim edilmişdir.

Faylda həmçinin, Yaradıcı Şəhərlər Şəbəkəsinin bir hissəsi olacağı təqdirdə, Bakının dizaynın müxtəlif sahələrində çalışan yaradıcılar üçün imkanları inkişaf etdirəcəyi, dizaynda əmtəə və xidmətlərin istehsalını, paylanmasını və yayılmasını dəstəkləyəcəyi, Şəbəkənin əhatə etdiyi digər yaradıcılıq sahələri ilə əlaqələri gücləndirəcəyi, şəhərsalmanın vacib amili olaraq dizayn və digər yaradıcılıq sahələrini tanıyan şəhərlər arasında əməkdaşlığı artıracağı vurğulanmışdır.

Nəticə etibarilə də, YUNESKO Baş direktoru tərəfindən Dizayn nominasiya üzrə Bakının həmin şəbəkəyə daxil edilməsi məqsədəuyğun hesab edilmişdir.

Qeyd edək ki, bu gün Şəbəkəyə 246 şəhər daxildir, habelə 2017-ci ildən “Sənət və sənətkarlıq” nominasiyası üzrə Şəki şəhəri Şəbəkənin üzvüdür.

növbəti xəbər əvvəlki xəbər