2013-07-18
Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibətilə Parisdə qurumun baş qərargahında mərasim keçirilib.

Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Mehriban Əliyevanın çıxışı:

- Hörmətli xanım Baş direktor, xanımlar və cənablar, əziz dostlar. Bu gün burada, UNESCO-nun qərargahında, UNESCO ailəsinin üzvləri olan dostlarımın arasında yenidən olmağımdan şadam. Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın 20 illiyinə həsr olunan bu tədbirdə iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Bu fürsətdən istifadə edib Azərbaycanın ənənəvi daş sənətinin hörmət və cəsarət rəmzi olan 2 gözəl nümunəsini UNESCO-ya ianə etməyimizdən şadıq.

Azərbaycanda memorial abidələr yaratmaq ənənəsi qədim dövrlərə təsadüf edir və bu abidələrin əksəriyyətinin həm tarixi, həm də bədii dəyəri vardır. Əlbətdə ki, onların hamısı bizim qədim və zəngin mədəni irsimizin bir parçasıdır. Bu iki gözəl heykəlin burada, UNESCO-nun qərargahında, bağçada yerləşdirməsinə görə xanım Baş direktora və UNESCO-nun Katibliyinə dərin minnətdarlığımı bildirmək istərdim.

Əziz dostlar, bu gün biz Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın 20-ci ildönümünü qeyd etdik. Azərbaycanda bu təşkilatla əməkdaşlığa verilən əhəmiyyəti vurğulamaq istərdim. Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir. Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xüsusi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyəli təhsilə malik olan ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Biz, eyni zamanda, elmin və müasir texnologiyaların inkişafına çoxlu sərmayə yatırırıq. Bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azərspeys-1”in kosmik fəzaya buraxılması bunun bariz nümunəsidir.

Mədəni irsimizin qorunması Azərbaycan hökuməti üçün prioritet istiqamətdir. Biz fəxr edirik ki, Azərbaycan muğamı, aşıq musiqisi, tar ifası, Novruz bayramı UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Eyni zamanda, Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.

Əziz dostlar, UNESCO qeyd etdiyim sahələrdə bizim bütün təşəbbüslərimizi dəstəkləyir. Ötən 20 ildə biz çox sayda birgə tədbirlər təşkil etmişik, UNESCO-nun fəaliyyətinin bütün sahələrini əhatə edən layihələr həyata keçirmişik. Burada, UNESCO qərargahında biz Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin yubileylərini qeyd etmişik və bu fürsətə görə UNESCO-ya minnətdarıq. Azərbaycan həm də UNESCO ilə mədəniyyətlərarası dialoq kimi mühüm bir sahədə yaxından əməkdaşlıq edir. Bu gün beynəlxalq ictimayət bizim ölkəmizi yüksək dini və etnik dözümlülük sahibi, dialoqun mərkəzi kimi tanıyır. Əsirlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh, harmoniya şəraitində yaşayıblar. Bu gün, xanım Bokova, Sizə bu ilin mayında Bakıda keçirilən Mədəniyyətlərarası dialoq üzrə II Beynəlxalq Forumda iştirak etdiyiniz və bu tədbirin uğurlu nəticələnməsinə verdiyiniz töhfələrə görə ən dərin minnətdarlığımı ifadə etmək istərdim. Ölkəmiz Azərbaycan hökumətinin təşəbbüslərinə start verdiyi ilk andan UNESCO-nun bu forumun keçirilməsinə rəsmi tərəfdaş olması faktını yüksək qiymətləndirir.

Əziz dostlar, bu gün biz UNESCO ilə Azərbaycan hökuməti arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahəsində əməkdaşlığa dair Çərçivə Sazişi imzaladıq. Bu da əlaqələrimizin gələcək inkişafında mühüm rol oynayacaqdır. Mən inanıram ki, bu saziş, həmçinin beynəlxalq səviyyədə başlanmış prioritet proqramlara və təşəbbüslərə dəstək verməklə UNESCO-nun ideallarınının və prinsiplərinin dünyada təbliğinə töhfə verəcəkdir.

Sonda UNESCO-ya və xanım Bokova, şəxsən Sizə bu illər ərzində tam dəstəyinizə, dostluğunuza görə təşəkkürümü bildirmək istərdim. Əminəm ki, Azərbaycan UNESCO ilə əməkdaşlığını davam etdirəcək ki, gələcəkdə əlaqələrimizi daha da gücləndirmək üçün mövcud olan böyük potensialı tam şəkildə həyata keçirsin. Bu gün bizimlə olduğunuz üçün çox sağ olun.

Diqqətinizə görə minnətdaram

növbəti xəbər əvvəlki xəbər