2018-04-28
Azərbaycan UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə namizədliyini təqdim edib

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə UNESCO-nun mənzil qərargahında ölkəmizin təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə namizədliyi ilə bağlı təqdimat mərasimi təşkil edilib.

UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov tədbiri açaraq ölkəmizin bu təşkilatla əməkdaşlığından danışıb.

Səfir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşkilatla ölkəmiz arasında əməkdaşlığın daha intensiv və dinamik səviyyəyə çatmasında xüsusi rolunu vurğulayıb. Qeyd edib ki, ölkəmiz UNESCO-nun bir sıra qurumlarında üzv qismində fəal iştirak edir və Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçiləcəyi təqdirdə qeyri-maddi mədəni irsin qorunması sahəsində öz təcrübəsini bölüşməyə və komitənin səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizin UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasına qoşulduğu gündən onun həm milli, həm də beynəlxalq səviyyədə effektiv icrası istiqamətində fəal iş apardığını bildirib. O, ölkəmizdə bu sahədə həyata keçirilmiş işlər haqqında məlumat verib. Qeyd edib ki, 8 milli və 3 çoxtərəfli nominasiya ölkəmiz tərəfindən Qeyri-maddi mədəni irsin qorunması üzrə siyahıya daxil edilib və dünya mədəniyyətinin bir parçası kimi beynəlxalq səviyyədə tanınıb.

Nazir müavini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə verdiyi töhfələrdən söz açıb. 2010-2014-cü illərdə Azərbaycanın bu komitəyə üzv olduğunu xatırladan Sevda Məmmədəliyeva ölkəmizin üzvlük dövründə səmərəli fəaliyyətini diqqətə çatdırıb. O, Azərbaycanın 2013-cü ildə sözügedən komitəyə sədrlik etdiyini, eləcə də onun sessiyasının Bakıda uğurla keçirildiyini vurğulayıb.

Qeyri-maddi mədəni irsin qorunması sahəsində milli ekspert Cahangir Səlimxanov deyib ki, 2010-2014-cü illərdə komitəyə üzvlüyü müddətində ölkəmiz bu sahədə zəngin təcrübə əldə edib. Komitəyə üzv seçiləcəyi təqdirdə ölkəmiz öz təcrübəsini bölüşərək onun fəaliyyətinə mühüm töhfə verməyə hazırdır. O, ölkəmizin əsas prioritetləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbir çərçivəsində Azərbaycanın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə namizədliyi ilə bağlı video nümayiş etdirilib və müvafiq broşürər paylanılıb.

Sonda iştirakçılar Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya daxil edilmiş milli mətbəximizin təamlarına qonaq ediliblər.

Qeyd edək ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə seçkilər cari il iyunun 4-6-da keçiriləcək.

 

əvvəlki xəbər