2020-09-25

Bakı, Gəncə və Qəbələ YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə daxil olub

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Təhsil Nazirliyi, YUNESKO yanında Daimi Nümayəndəlik və aidiyyəti icra hakimiyyəti orqanlarının təşkilatçılığı və birgə səyləri sayəsində 23 sentyabr 2020-ci il tarixində Bakı, Gəncə və Qəbələ şəhərləri YUNESKO-nun Həyatboyu Öyrənmə İnstitutunun aparıcı qurumu olan Öyrənən Şəhərlər Qlobal Şəbəkəsinə üzv seçilmişlər.

Onu da qeyd edək ki, Bakı, Gəncə və Qəbələ Şəbəkəyə daxil olan ilk Azərbaycan şəhərləridir.

23 sentyabr 2020-ci il tarixində YUNESKO-nun Həyatboyu Öyrənmə İnstitutunun təşkilatçılığı ilə videogörüş keçirilmiş və Öyrənən Şəhərlər Qlobal Şəbəkəsinə yeni daxil olmuş 27 ölkədən 55 şəhərin adları elan edilmişdir.

YUNESKO-nun Həyatboyu Öyrənmə İnstitutunun direktoru David Atchoarena Qlobal Şəbəkənin yeni üzvlərini səmimi qəlbdən salamlamış və hamı üçün həyatboyu təhsili təmin etmək hədəfini daha da inkişaf etdirmək məqsədilə onlarla birlikdə işləməyi səbirsizliklə gözlədiyini bildirmişdir.

O, həmçinin qeyd etmişdir ki, YUNESKO-nun Öyrənən Şəhərlər Qlobal Şəbəkəsinə daxil olmaq üçün əsas meyarlar ibtidai təhsildən ali təhsilə qədər inklüziv təhsilin təşviqi üçün bütün sektorlarda öz resurslarını effektiv səfərbər etmək, ailə və icmalar nəzdində təhsili təşviq etmək, məşğulluq və iş yerlərində öyrənməni asanlaşdırmaq, tədrisdə müasir texnikaların istifadəsini genişləndirmək və həyatboyu öyrənmə mədəniyyətini təbliğ etməkdir. Şəbəkəyə daxil olmaq üçün namizəd şəhərlər cəmiyyətdəki hər kəs üçün həyatboyu öyrənmə imkanlarını təmin etmək məqsədilə aydın baxış nümayiş etdirməlidirlər. Eyni zamanda D. Atchoarena bilik və vərdişlərin yaradılması və bölüşdürülməsinə, bərabər əsaslarda öyrənmə və bacarıqların möhkəmləndirilməsinə əsaslanan beynəlxalq şəbəkəyə qoşulan Azərbaycanın üç şəhərinin də – Bakı, Gəncə və Qəbələ – bu şəbəkədə layiqli yerlərini tutacağına və təcrübələrini digər üzv şəhərlərlə bölüşəcəyinə inandığını xüsusi vurğulamışdır.

Şəhərlərimiz Qlobal Şəbəkə çərçivəsində həyatboyu öyrənmə siyasətləri, əsas çağırışlar və həll yollarına dair təcrübələrin inkişaf etdirilməsi və mübadiləsi, təhsil sahəsindəki təşəbbüslər, habelə regional və beynəlxalq tədbirlərdə iştirak etmək kimi imkanlardan bəhrələnəcəklər.

Məlumat üçün bildirək ki, YUNESKO-nun Öyrənən Şəhərlər Qlobal Şəbəkəsi 64 ölkədən 230 şəhəri bir yerə toplayan, ilham, bacarıq və yaxşı təcrübəni təmin edən siyasətə əsaslanan beynəlxalq miqyaslı Şəbəkədir. İnkişaf səviyyəsindən asılı olmayaraq, sözügedən Şəbəkə vasitəsilə şəhərlər ideya mübadiləsindən bəhrələnə biləcəklər, çünki inkişaf yollarında üzləşdikləri və onları maraqlandıran sualların cavabları digər şəhərlərdə artıq mövcud ola bilər.

Sonda isə qeyd edək ki, Qlobal Şəbəkə 2019-2021-ci illər Strategiyası çərçivəsində fəaliyyətini 7 əsas prioritet üzərində qurub: davamlı inkişaf üçün təhsil; bərabərlik və inklüzivlik; təhsilin planlaşdırılması, monitorinqi və qiymətləndirilməsi; qlobal vətəndaşlıq üçün təhsil; sahibkarlıq; sağlamlıq və rifah; savadlılıq.

 

Arxiv üzrə axtarış