2020-12-01

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində YUNESKO-da növbəti plenar iclas keçirilib.

Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində YUNESKO-da növbəti plenar iclas keçirilmişdir.

İclasda YUNESKO Baş Konfransının 40-cı sessiyasının prezidenti, Türkiyənin YUNESKO yanında Daimi Nümayəndəsi, səfir Altay Cengizer, YUNESKO Katibliyinin nümayəndələri, YUNESKO yanında Daimi Nümayəndəliklərin rəhbərləri və müşahidəçilər iştirak etmişdirlər.

Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev iclası giriş sözü ilə açaraq, plenar iclasın gündəliyini təqdim etmişdir.

İclasın gündəliyi qəbul edildikdən sonra, qurumun Baş Konfransının 40-cı sessiyasının prezidenti Altay Cengizer çıxış edərək, Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini alqışlamış və ölkəmizi bu münasibətlə təbrik etmişdir. QH-nin beynəlxalq siyasətdə mühüm rolundan söz açan A.Cengizer, YUNESKO İcraiyyə Şurasında üzv dövlətlərin seçilməsi müddətinə dair YUNESKO Konstitusiyasına ediləcək dəyişikliklər haqqında məlumat vermiş və iştirakçıların suallarını cavablandırmışdır.

A.Qocayev Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin birillik fəaliyyət hesabatını təqdim edərək, həyata keçirilmiş işlər barədə məlumat vermişdir.

O, ölkəmizin sədrliyi ilə bir sıra onlayn görüşlərin keçirildiyini, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə dünya ölkələrinin səfərbər edildiyini bildirmişdir. Bununla bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılacağını da diqqətə çatdırmışdır.

A.Qocayev YUNESKO İcraiyyə Şurasının dekabrda keçiriləcək 210-cu sessiyasında Qoşulmama Hərəkatının sədri qismində ölkəmizin bəyanatı haqqında da məlumat vermişdir.

Qoşulmama Hərəkatının tarixboyu beynəlxalq sülh və təhlükəsizliyin Bandunq prinsiplərinə uyğun olaraq möhkəmləndirilməsində əsas rol oynadığı qeyd edilmiş, bu Hərəkatın sülh mədəniyyətinin təşviqinə dair daim çağırışlar etdiyi bildirilmişdir. YUNESKO-nun mədəni ifadələrin müxtəlifliyinin qorunması və təşviqi Konvensiyasının vacibliyi də diqqətə çatdırılmışdır.

Hərəkata üzv dövlətlər mədəni müxtəliflik sahəsində qəbul edilmiş tədbirlərin fəaliyyətini gücləndirmək məqsədlə ümumdünya bəyannaməsində yer alan prinsiplərin təbliği üçün YUNESKO ilə əməkdaşlıq etməyə hazır olduqlarını ifadə etmişlər, Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasının və onun iki Əlavə Protokolunun vacibliyi xüsusi vurğulanaraq, hələ ratifikasiya etməyən dövlətlər onları ratifikasiya etməyə dəvət edilmişdirlər.

Bundan əlavə, Qoşulmama Hərəkatına üzv dövlətlər qeyri-maddi mədəni irsin qorunması sahəsində beynəlxalq ictimaiyyətə mühüm töhfəsi kimi YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyasına sadiq olduqlarını da bildirmişdilər.

COVID-19 pandemiyası dövründə ölkələrə təhsil prosesinin davamlılığını təmin etmək üçün YUNESKO tərəfindən irəli sürülmüş Qlobal Təhsil Koalisiyasının alqışlandığı və dəstəkləndiyi də diqqətə çatdırılmışdır.

İclasın sonunda isə Azərbaycan nümayəndəsi N.Ömərov Ermənistanın Azərbaycana qarşı sonuncu hərbi təxribatı barədə geniş məlumat vermiş, hücüm nəticəsində uşaq və yaşlılar da daxil olmaqla 100-ə yaxın mülki əhalinin öldüyünü, bir çox sayda dinc sakinlərin yaralandığını, mülki infrastrukturlara böyük zərər dəydiyini, onlardan çoxunun yararasız hala gəldiyini qeyd etmişdir. Bununla da, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyalarını və onun əlavə 2 Protokollarını kobud şəkildə pozduğu xüsusi vurğulanmışdır. Daha sonra isə 30 ilə yaxın erməni təcavüzü altında qalan Azərbaycan torpaqlarında yerləşən Azərbaycanın mədəni və dini irsinə qarşı vandalizm aktlarının törədildiyi də iclas iştirakçılarının diqqətinə çatdırılmışdır.

Arxiv üzrə axtarış