«Çingiz Aytmatov və UNESCO: Dünyanı Birləşdirən Ortq İrs» adlı Beynəlxalq Konfrans UNESCO-nun mənzil-qərargahında keçirilib
2025-ci il 19 sentyabr tarixində UNESCO-nun mənzil-qərargahında «Çingiz Aytmatov və UNESCO: Dünyanı Birləşdirən Ortaq İrs və Miras» adlı Beynəlxalq Konfrans keçirilib. Tədbir Qırğız Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub.
Konfransın məqsədi görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun bəşəri irsə töhfəsini, mədəniyyətlərarası dialoqun təşviqində rolunu və UNESCO çərçivəsində onun ideyalarının aktuallığını vurğulamaq olub.
Tədbirdə UNESCO yanında akkreditə olunmuş səfirlər və daimi nümayəndələr, diplomatik korpusun üzvləri iştirak ediblər.
Azərbaycanı tədbirdə UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli təmsil ediblər.
Səfir Elman Abdullayev çıxışında Azərbaycan xalqının Çingiz Aytmatova dərin hörmət və ehtiram bəslədiyini vurğulayıb. O qeyd edib ki, Aytmatovun yaradıcılığı milli köklərə bağlı olmaqla yanaşı, ümumbəşəri məzmun daşıyır və bu xüsusiyyət onu XX əsrin ən görkəmli yazıçı və mütəfəkkirlərindən birinə çevirib. Səfir bildirib ki, Aytmatov yalnız ədəbiyyat xadimi deyil, həm də xalqlar arasında dostluğun, sülhün və mədəniyyətlərarası dialoqun simvolu kimi çıxış edib.
Səfir çıxışında Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə Çingiz Aytmatov arasındakı dostluq münasibətlərinə də toxunub. O xatırladıb ki, yazıçı Azərbaycan xalqı üçün yaxın dost olub və 2008-ci ildə Bakıya son səfəri zamanı Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilib. Qeyd olunub ki, bu ordenin ilk laureatı məhz Çingiz Aytmatov olub və bu fakt Azərbaycanın ona göstərdiyi yüksək ehtiramın bariz nümunəsidir.
Səfir çıxışının sonunda həmçinin 2024-cü ildə Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səfərinə dair videoçarxı təqdim edib. Videoçarxda Azərbaycan Prezidentinin Çingiz Aytmatovun Ev-muzeyinə ziyarəti və həmin səfər çərçivəsində ona “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi əks olunub. Bu məqam Azərbaycan–Qırğızıstan dostluq münasibətlərinin və ortaq mədəni dəyərlərin bariz nümunəsi kimi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Akademik İsa Həbibbəyli çıxışında Çingiz Aytmatovun yaradıcılığının bəşəri miqyasını xüsusi vurğulayaraq, onun dünya ədəbiyyatının “Tanrı dağı” adlandırıldığını qeyd edib. O bildirib ki, Aytmatov öz əsərlərində milli dəyərlərlə bəşəri idealları birləşdirərək ədəbiyyatın yeni fəlsəfi üfüqlərini açmışdır. Çıxışında Azərbaycan Aytmatovşünaslığının əldə etdiyi nəticələr barədə də məlumat verən İsa Həbibbəyli, bütün əsərlərin Azərbaycan dilinə tərcümə edildiyini, haqqında kitabların yazıldığını vurğulayıb. O, həmçinin ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çingiz Aytmatovun xidmətlərinə verdiyi yüksək dəyərin Azərbaycan xalqının ona göstərdiyi sarsılmaz ehtiramın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Konfrans film nümayişi, panel müzakirələri ilə davam etdirilmiş.