news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 aprel 2026

UNESCO İcraiyyə Şurasının 224-cü sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib

8-23 aprel tarixlərində UNESCO-nun mənzil-qərargahında Təşkilatın İcraiyyə Şurasının 224-cü sessiyası öz işinə başlamışdır. Sessiya çərçivəsində keçirilən plenar debatlar hissəsində Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi, səfir Elman Abdullayev tərəfindən ölkəmizin milli bəyanatı səsləndirilmişdir.

Milli bəyanatda UNESCO-nun fəaliyyətində institusional səmərəliliyin, şəffaflığın və hesabatlılığın daha da gücləndirilməsinin vacibliyi vurğulanmış, təşkilatın prioritetləri ilə mövcud resurslar və icra mexanizmləri arasında uyğunluğun təmin edilməsinin əhəmiyyəti qeyd olunmuşdur. Eyni zamanda, qlobal çağırışlar fonunda UNESCO-nun təhsil, elm və mədəniyyət sahələrində dialoq və əməkdaşlığın təşviqində oynadığı mühüm rol diqqətə çatdırılmışdır .

Çıxış zamanı təşkilat daxilində üzv ölkələr ilə katiblik arasında koordinasiyanın gücləndirilməsinin zəruriliyi vurğulanmış, bu istiqamətdə aparılan islahatların əhəmiyyəti qeyd edilmişdir.

Həmçinin bildirilmişdir ki, dəyişən qlobal mühit şəraitində qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir və UNESCO-nun mandatı bu sahədə xüsusi rol oynamağa imkan verir.

Çıxış zamanı eyni zamanda, ötən ilin oktyabr-noyabr aylarında Səmərqənd şəhərində keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasının uğurlu keçirilməsinə görə Özbəkistan tərəfinə təşəkkür edilmişdir.

Bununla yanaşı, plenar debatlar zamanı Daimi Nümayəndəlik tərəfindən ölkəmizin Qrup 77 və Çin Paris bölməsi, eləcə də UNESCO-da fəaliyyət göstərən Türk Dövlətləri Qrupu adından bəyanatlar səsləndirilmişdir.

Qrup 77 və Çin adından səsləndirilmiş bəyanatda çoxtərəfliliyə, beynəlxalq əməkdaşlığa və həmrəyliyə sadiqlik bir daha təsdiqlənmiş, inkişaf etməkdə olan ölkələrin prioritetlərinin irəli aparılmasında kollektiv fəaliyyətin əhəmiyyəti vurğulanmışdır. Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədi 4 çərçivəsində inklüziv və keyfiyyətli təhsilin təşviqi, təhsilin ana dilində verilməsinin əhəmiyyəti, eləcə də təhsilin davamlı inkişafın əsas hərəkətverici qüvvəsi kimi rolu qeyd olunmuşdur.

Bəyanatda, həmçinin UNESCO-nun qlobal prioritetləri olan Afrika və gender bərabərliyi, eləcə də Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlər (SIDS) və gənclərlə bağlı təşəbbüslərə dəstək ifadə olunmuş, təşkilatın proqram və büdcə çərçivəsində üzv dövlətlərə daha güclü dəstək göstərilməsinin vacibliyi vurğulanmışdır. Bununla yanaşı, UNESCO80 Yol Xəritəsinə dəstək ifadə edilmiş, inkişaf etməkdə olan ölkələrin baxışlarının qərar qəbuletmə proseslərində əks olunmasının əhəmiyyəti qeyd edilmişdir.

Türk Dövlətləri Qrupu adından səsləndirilmiş bəyanatda isə çoxtərəfliliyin gücləndirilməsi, Türk Dövlətləri arasında ortaq tarixi və mədəni irsin qorunması və təşviqi, o cümlədən UNESCO çərçivəsində birgə təşəbbüslərin irəli sürülməsi vurğulanmışdır. Eyni zamanda, irqçilik, ayrı-seçkilik, ksenofobiya və nifrət nitqinə qarşı mübarizənin əhəmiyyəti qeyd olunmuş, iqlim dəyişikliyi, su təhlükəsizliyi və davamlı inkişaf kimi qlobal çağırışlara qarşı elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.

Bəyanatda, həmçinin rəqəmsal transformasiya və süni intellektin etik istifadəsi məsələləri öz əksini tapmış, Türk dünyasının dil və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyəti qeyd edilmişdir.

Vurğulanmalıdır ki, Türk Dövlətləri Qrupu adından UNESCO tarixində ilk dəfə olaraq bəyanat səsləndirilimşdir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti