2015-09-24

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə YUNESKO-da “Azərbaycan: Ənənədən müasirliyə” adlı sərginin rəsmi açılış mərasimi və “Azərbaycan cazzının yeni nəsli” adlı konsert proqramı baş tutmuşdur

Cari ilin 13 may tarixində YUNESKO Baş Qərargahında Avropanın Muzeylər Gecəsi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası YUNESKO yanında Daimi Nümayəndəliyin dəstəyi ilə “Azərbaycan: Ənənədən müasirliyə” adlı sərginin rəsmi açılış mərasimi keçirilmişdir. YUNESKO artıq 7-ci dəfə Avropa Muzeylər Gecəsi layihəsində iştirak edir və bu il Təşkilat tərəfindən məhz Azərbaycan “şərəfli qonaq” qismində bu təşəbbüsə dəvət edilmişdir. Azərbaycanın zəngin tarix və mədəniyyətini əks etdirən sərgidə ölkəmizin ərazisində aşkar edilən qədim arxeoloji əşya və sikkələr, misgərlik sənəti, milli geyimlər, musiqi alətlərimiz, xalçaçılıq sənətinin nümunələri, eləcə də müasir incəsənət sənətçilərinin əsərləri nümayiş etdirilir və bu mötəbər tədbir may ayının 19 kimi davam edəcəkdir.   

Tədbirin açılış mərasimində çıxış edən YUNESKO xarici əlaqələr üzrə sektorunun İdarə rəisi Gənc Seiti sərginin yüksək səviyyədə təşkilinə görə Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir. G.Seiti sərgidə nümayiş etdirilən qədim arxeoloji əşyalar, misgərlik sənəti və xalçalıq sənətinin nümunələri və müasir incəsənət əsərlərini Azərbaycanın mədəni irsinin davamlığının göstəricisi kimi qiymətləndirmişdir. Qeyd edilmişdir ki, sərgi bir daha sübut edir ki Azərbaycan öz mədənmi irsini qorumaqda davam edir. G.Seiti Azərbaycanın YUNESKO-nun mədəniyyət sahəsində mövcud olan Konvensiyalarının həyata keçirilməsində, xüsusən qeyri-maddi mədəni irsin qorunması üzrə fəal iştirak etdiyini vurğulamışdır.  

Azərbaycan Respublikasının YUNESKO yanındakı Daimi Nümayəndəsi Anar Kərimov çıxışında qonaqlara sərgidə nümayiş etdirilən əsərlər əsasında ölkəmizin zəngin tarixi haqda ətraflı məlumat vermiş və qonaqları Azərbaycanla daha yaxından tanış olmaq üçün ölkəmizə dəvət etmişdir. Səfir ölkəmizin münaqişə və hərbi təcavüzdən əziyyət çəkdiyinə baxmayaraq, bölgəgə sülhün və təhülkəsizliyin bərqərar olunmasına əməli addımlarla cəhd etdiyini və bu xüsusda, ölkəmizdə təşkil olunacaq 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu və ilk dəfə təşkil olunacaq Avropa Oyunları haqda tədbir iştirakçılarına məlumat vermişdir. Səfir bu kimi tədbirlərin təşkilində Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın böyük qayğı və diqqət göstərdiyini vurğulamış və onun YUNESKO-nun Xoşməramlı Səfiri qismində aktiv fəaliyyəti haqda məlumat vermişdir. 

Tədbirdə iştirak edən YUNESKO akkreditə olan Daimi Nümayəndələr, Katibliyin əməkdaşları və Fransa ictimaiyyətinin nümayəndələri sərgini maraqla izləmiş və onlara ölkəmizin tarixi, ədəbiyyatı və mədəniyyəti haqda məlumat xarakterli kitab və broşürlər təqdim edilmişdir. 

Sərginin açılışından sonra “Azərbaycan cazının yeni nəsli” adlı möhtəşəm konsert proqramı keçirilmişdir. Konsertdə Azərbaycanın gənc cazz ulduzları Şahin Növrəsli və onun rəhbərlik etdiyi qrup çıxış etmişdir.

 Konsertin açılış mərasimimdə çıxış edən YUNESKO xarici əlaqələr üzrə sektorunun İdarə rəisi Gənc Seiti cazzın müxtəliflik, sülh, qarşılıqlı anlaşma olduğunu bildirmişdir. G.Seiti, mədəniyyətlərarası dialoq və ayrıseçkiliyə qarşı mübarizəni təşviq etmək məqsədilə YUNESKO 30 aprel tarixini ümumdünya cazz günü elan etdiyini və bu il artıq 4-cü dəfə Təşkilatda cazz gününün təntənəli keçirildiyi diqqətə çatdırmışdır. G.Seiti. Azərbaycan cazzının bir əsrə yaxın tarixə malik olduğunu bildirmiş və bunu Azərbaycanın mədəniyyət gücünün göstəricisi kimi qiymətləndirmişdir.

Azərbaycan Respublikasının YUNESKO yanındakı Daimi Nümayəndəsi Anar Kərimov çıxışında dünyada baş verən münaqişələr, separatizm və ekstremizm təhdidləri fonunda  cazzın sülh və qarşılıqlı anlaşmanın təşviqi sahəsində rolu, eləcə də insanların irqi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq yaxınlaşması və dialoqa önəmli töhfə verdiyini bildirmiş və  Azərbaycanın cazz tarixi haqda, xüsusilə də ölkəmizdə inkişaf etmiş muğamla cazzın sintezi haqda tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Səfir cazzın artıq Azərbaycanda bir ənənə olaraq mədəniyyətimizin tərkib hissəsi olduğunu vurğulamışdır. Ölkəmizdə cazz ənənələrinin, eləcə də mədəni müxtəlifliyin bərqərar olunmasına yönələn digər təşəbbüslərin həyata keçirilməsində Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın rolu qeyd edilmişdir.   

Tədbir iştirakçıları Azərbaycandan dəvət olunmuş gənc cazz peşəkarlarının ifasında bir sıra milli cazz musiqi nümunələrini dinləmiş və konsert proqramını yüksək qiymətləndirmişlər.         
 

Arxiv üzrə axtarış