YUNESKO İcraiyyə Şurasının yenilənmiş iclas otağının rəsmi açılış mərasimi
2015-ci ilin 12 oktyabr tarixində YUNESKO İcraiyyə Şurasının yenilənmiş iclas otağının rəsmi açılış mərasimi olmuşdur. Azərbaycan Respublikası digər üzv dövlətlər ilə yanaşı iclas otağının təmiri üçün maliyyə yardımı göstərmişdir.
Sözügedən açılış mərasim zamanı iclas otağının qarşısındakı məlumat lövhəsinin təqdimatı olmuşdur. Lövhədə göstərdiyi yardıma görə digər müvafiq ölkələrlə yanaşı həm Azərbaycan Hökumətinə, həm də Azərbaycan Respublikasının Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevaya təşəkkür ifadə olunur.
Mərasimdə çıxış etmiş Şuranın sədri cənab M.Amr və YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova iclas otağının yenidənqurulmasına töhfə vermiş üzv dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına, eləcə də YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü ifadə etmişlər.
Tədbir zamanı töhfə vermiş üzv dövlətlərin nümayəndələri tərəfindən də çıxışlar edilmişdir. Tərəfimizdən edilən çıxış zamanı YUNESKO-nun əsas orqanlarından biri olan İcraiyyə Şurasının fəaliyyətinin əhəmiyyəti vurğulanmış, və bu baxımdan onun iclas otağının təmir edilməsinin vacibliyi qeyd edilmişdir. Bu işin baş tutması üçün göstərdiyi səylərə görə Baş Direktor xanım İrina Bokovaya və Şuranın sədri cənab M.Amra təşəkkür ifadə olunmuşdur. Bundan əlavə xüsusilə vurğulanmışdır ki, ölkəmizin bu layihədə iştirakı məhz Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində mümkün olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci Xanımının ünvanladığı salamlar və ən xoş arzular da tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Sonda isə tərəfimizdən qeyd edilmişdir ki, Azərbaycan bundan sonra da sülh və beynəlxalq həmrəylik məqsədinə xidmət edən YUNESKO ilə əməkdaşlığını davam etdirəcək.
Ölkəmizin bu layihədə iştirakı YUNESKO ilə əməkdaşlığımızın yüksək səviyyədə olduğunun bir daha bariz nümunəsidir və bu sahədə Birinci Xanım, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın əvəzedilməz rolu vurğulanmalıdır.