2015-10-19

Azərbaycanın YUNESKO-nun Ümumdünya İrs Komitəsinə namizədliyinin təqdimatı

Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2015-ci il oktyabrın 15-də YUNESKO-nun Ümumdünya İrs Komitəsinə Azərbaycanın namizədliyi ilə bağlı təqdimat mərasimi keçirilmişdir.

21 üzv dövlətdən ibarət Ümumdünya İrs Komitəsi YUNESKO-nun ən mötəbər və əhəmiyyətli qurumlarından biri sayılır, və mədəni və təbii irs obyektlərinin Ümumdünya İrs siyahısına daxil edilməsi və ya bu siyahıdan çıxarılması məsələsinə cavabdehdir. Azərbaycan öz zəngin mədəni və təbii irsin qorunması sahəsində əldə etdiyi təcrübəni, eləcə də dünyada mövcud olan irsin qorunması məsələsinə töhfə vermək məqsədilə Komitəyə namizədliyin irəli sürüb.

Tədbirin açılışında Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov ölkəmizin YUNESKO-ya üzv olduğu müddətdən etibarən YUNESKO-nun əhatə etdiyi bütün sahələr üzrə Təşkilatla fəal əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır. Sözügedən əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolu vurğulanmışdır. A.Kərimov Azərbaycanın YUNESKO əlaqələrində mədəniyyət sahəsinin əsas rol oynadığını qeyd etmişdir.

Daimi Nümayəndə Azərbaycanın maddi və qeyri-maddi mədəni irsin qorunmasında gördüyü işlər barədə məlumat vermişdir. YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçəri şəhər memarlıq kompleksi və Qobustan dövlət tarixi-bədii qoruğu haqda məlumat verilmiş və qeyd edilmişdir ki sözügedən nominasiyalarının Siyahıya daxil edilməsi prosesində böyük təcrübə əldə edilib. Bundan başqa, ümumdünya mədəni və təbii irsin qorunması haqda 1972-ci il Konvensiyasının həm daxili, həm də beynəlxalq səviyyədə həyata keçirilməsində ölkəmizin zəngin təcrübəsi və fəaliyyəti haqqında məlumat verilmiş, Komitədə üzvlüyümüzün üstünlükləri və prioritetləri iştirakçıların diqqətinə çatdırılmışdır.

Daha sonra Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanın mədəniyyət sahəsində ratifikasiya etdiyi 5 Konvensiyanın sırasında Ümumdünya Mədəni və Təbii İrs Konvensiyasının birinci ratifikasiya edildiyi vurğulamışdır. Azərbaycanın mədəniyyət sahəsində Konvensiyaları çərçivəsində təsis edilmiş bir neçə Hökumətlərarası Komitələrə üzv olduğu

bildirilmiş və bu sahədə böyük təcrübənin qazanıldığı qeyd edilmişdir. Ölkəmizin həm yerli həm də beynəlxalq səviyyədə mədəni və təbii irsin qorunmasında gördüyü işlər barədə məlumat verilmişdir. Bu sahədə AR Birinci Xanımın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu xüsusi olaraq qeyd edilmişdir.

Sonda, Komitədə ölkəmizi təmsil edəcək milli ekspertimiz, Rizvan Bayramov qeyd etdi ki, Komitəyə seçiləcəyi təqdirdə, ölkəmiz peşəkar ekspert qrupu tərəfindən təmsil olunacaq. Qeyd edilmişdir ki, Azərbaycan ekspertləri sözügedən sahə üzrə beynəlxalq təşkilatlarla uzunmüddətli əməkdaşlıq əlaqələri qurub. Həmin ekspertlər İCCROM-un üzvü olub, İSESCO-nun İslam İrs Siyahısının hazırlanmasında və IRSICA-nın fəaliyyətlərində və təlimlərində iştirak ediblər. Bundan başqa, ekspert qrupu Azərbaycanda aparılmış qazıntı işlərində beynəlxalq arxeoloqlar ilə aktiv əməkdaşlıq ediblər. R.Bayaramov qeyd edilən təcrübənin Komitədə öz faydasını gətirəcəyinə inandığını dıqqətə çatdırmışdır.

Tədbirdə YUNESKO Baş Direktorun müavinləri, Katibliyin nümayəndələri, Ümumdünya İrs Mərkəzinin regional idarələrinin rəhbərləri, eləcə də bi rsıra aparıcı dövlətlərin Səfir və diplomatları iştirak etmiş və Azərbaycanın zəngin mədəni, tarixi və təbii irsi ilə yaxından tanış olmuşlar. Qonaqlara Azərbaycan irsi haqqında video və foto slaydlardan ibarət təqdimat nümayiş etdirilmiş, təbliğat yönümlü broşürlar və kiçik hədiyyələt təqdim edilmişdir.

Arxiv üzrə axtarış