2015-11-18

Azərbaycan Respublikası YUNESKO-nun Ümumdünya İrs Komitəsinə ilk dəfə üzv seçilib

YUNESKO-nun baş qərargahında 2015-ci il noyabrın 18-də Ümumdünya Mədəni və Təbii İrsin qorunması haqda 1972-ci il Konvensiyaya üzv dövlətlərin 20-ci Baş Assambleyasının iclası keçirilib. İclasda Ümumdünya İrs Komitəsinə seçkilər keçirilib və Azərbaycan Respublikası seçkilərdə iştirak edən 156 üzv dövlətdən 115 ölkənin səsini qazanaraq Komitəyə dörd il müddətinə tarixində ilk dəfə üzv seçilib. Azərbaycanla yanaşı Komitəyə Kuba, İndoneziya, Tunis, Küveyt və s. ölkələr üzv seçiliblər.     

Bu tarixi nailiyyətin əldə edilməsində Azərbaycan Respublikası Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın önəmli rolu və xidmətləri qeyd edilməlidir. Belə ki, Mehriban xanım Əliyevanın ölkəmizin zəngin maddi və qeyri-maddi irsinin dünya miqyasında tanıdılması və təbliği sahəsində çoxşaxəli fəaliyyəti ölkəmizin seçkilərdə inamlı qələbə qazanmasında şərtləndirən ən vacib amil olmuşdur.    

21 üzv dövlətdən ibarət Ümumdünya İrs Komitəsi YUNESKO-nun ən mötəbər və əhəmiyyətli qurumlarından biri sayılır, və mədəni və təbii irs obyektlərinin mühafizəsi və Ümumdünya İrs siyahısına daxil edilməsi və ya bu siyahıdan çıxarılması məsələsinə cavabdehdir.

Azərbaycanın bu seçkilərdə uğur qazanması və Komitədə təmsil olunmağımız ölkəmizin dünya irsinin qorunmasında rolunu artırmaqla yanaşı, öz zəngin mədəni və təbii irsinin təşviqində və qorunmasında böyük rol oynayacaq.

Xatırladaq ki, 2000-ci ildə Qız Qalası və Şirvanşahlar Sarayı ilə birgə İçəri Şəhər kompleksi, 2007-ci ildə isə Qobustan Dövlət Bədii-Tarixi Qoruğu YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

Arxiv üzrə axtarış