UNESCO-nun baş qərargahında qurumun “Mədəniyyətlərin yaxınlaşması naminə beynəlxalq onillik layihə”nin həyata keçirilməsi ilə bağlı iclası keçirilib.
UNESCO baş direktorunun sosial və humanitar məsələlər üzrə müavini Nada Al-Naşif iclası giriş sözü ilə açaraq, mədəniyyətlərarası dialoqun əhəmiyyətinə, Azərbaycanın bu istiqamətdə quruma verdiyi töhfələrə toxunaraq, 5 il ərzində bu sahədə görülən işləri diqqətə çatdırıb.
Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov çıxış edərək mədəniyyətlərarası dialoqun inkişafında ölkəmizin rolundan söz açıb.
Azərbaycan Prezidentinin mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə 2008-ci ildə “Bakı Prosesi”ni irəli sürməsindən danışan səfir bu prosesin əsas məğzinə toxunub. Bildirib ki, mədəniyyətlərarası dialoqun beynəlxalq platformasına çevrilmiş Azərbaycan tezliklə “Bakı Prosesi”nin 10 illiyini qeyd edəcək.
2011-ci ildən ölkəmizin Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməsindən, onun UNESCO, BMT Sivilizasiyalar Alyansı, Beynəlxalq Turizm Təşkilatı, Avropa Şurası və ISESCO kimi beynəlxalq tərəfdaşlarından danışıb. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin ilk dəfə məhz “Bakı prosesi” çərçivəsində bir araya gəldiyi vurğulanıb.
Mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində elektron mənbələrin inkişaf etdirilməsi layihəsinin həyata keçirilməsinə ölkəmizin verdiyi töhfələri, UNESCO-nun bu sahəni bundan sonra da dəstəkləyəcəyini diqqətə çatdırıb.
Bakıda keçirilən sonuncu Mədəniyyətlərarası Dialoq Forumunda mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində elektron mənbələrin inkişaf etdirilməsi məqsədilə “Müxtəliflik, Dialoq və bölüşmə” adlı nəşrin çap edilməsi irəli sürülüb.
A.Kərimov mədəniyyətlər və dinlərarası dialoqun təşviqində yeni paradiqm və metodlardan istifadənin vacibliyini vurğulayıb.
Tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə “Bakı Prosesi” haqqında məlumat verərək, bu konsepsiyanın daha da inkişaf etdiriləcəyini, ona insan təhlükəsizliyi və diversifikasiyası, siyasətdə və iqtisadiyyatda insan faktoru konsepsiyalarının əlavə olunacağını bildirib. O, növbəti forum haqqında ətraflı məlumat verib.