Parisdə UNESCO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısı
UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva toplantıda çıxış edib:
- Hörmətli UNESCO-nun Baş direktoru xanım Bokova,
Zati-aliləri,
Xanımlar və cənablar,
Hörmətli dostlar!
YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısında sizi səmimiyyətlə salamlayıram. Bu toplantını təşkil etdiyinə görə xanım Bokovaya səmimi minnətdarlığımı bildirirəm. Azərbaycanı burada təmsil etmək, dostlarımız və həmkarlarımız arasında olmaqdan böyük şərəf hissi duyuram.
Xanımlar və cənablar!
Bu ilin yazında biz Azərbaycanın müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Azərbaycan Gününü YUNESKO-nun qərargahında təşkil etdik. Ölkəmiz həmin illər ərzində bir çox problem və çətinliklərlə üzləşdi, lakin biz həmin gərgin şəraitdən layiqincə çıxdıq və öz dövlətçiliyimizi qurduq. Bu gün Azərbaycan həyatın bütün sahələrində, o cümlədən mədəniyyət, elm və təhsildə dinamik inkişaf edən müasir ölkədir. Eyni zamanda, Azərbaycanın iqtisadiyyatı yüksək templə inkişaf edir və ölkəmiz regionun şəksiz iqtisadi lideridir.
YUNESKO ilə Azərbaycan arasında güclü və dəstəkləyici tərəfdaşlıq təşəkkül tapıb. YUNESKO həm Azərbaycan hökuməti, həm ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, eləcə də Heydər Əliyev Fondu ilə əməkdaşlığını inkişaf etdirir. YUNESKO və Heydər Əliyev Fondunun dəstəyi ilə biz yeni muzey və mədəniyyət mərkəzləri tikir, Azərbaycanda yüksək səviyyəli musiqi festivalları təşkil edir və beynəlxalq konfranslar keçiririk.
Xanımlar və cənablar!
Biz təhsilin inkişaf etdirilməsi, bəşəri mədəni irsin qorunması və təhsilə daha geniş çıxışın təmin edilməsi, ən vacibi isə, yoxsul ölkələrdə və ehtiyac duyan ailələrdə uşaqlara təhsilin verilməsi kimi bir çox vəzifələri öz qarşımızda qoymuşuq. Çətinliklər məngənəsində olan insanlara yardım göstərən ilk təşkilatlardan biri də hər zaman məhz YUNESKO olur. Bu gün keçirilən toplantının mövzusu təbii fəlakətlər və münaqişələr sahəsində təşkilatımızın üzərinə götürdüyü öhdəliyə həsr olunub. Azərbaycan bu məsələlərə öz təcrübəsindən bələddir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb. Ölkə torpaqlarının böyük bir hissəsi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma yurdlarına qayıtmaqdan məhrumdur. Qaçqın və məcburi köçkün düşərgələrində anadan olmuş və böyümüş uşaqlardan ibarət yeni nəsil öz yurd-yuvaları barədə məlumatı yalnız ata və babalarından öyrənir. Böyüklərlə yanaşı, bu uşaqların da təhsil və tibbi yardım almaq, inkişaf etmək və parlaq gələcəyə malik olmaq hüququ vardır. Buna görə də biz hərbi münaqişələr və təbii fəlakətləri yaşamış bütün ölkə və xalqların ağrılarını anlayırıq və bölüşürük. Həmin insanlar nəinki qidaya, çadırlara və tibbi ləvazimata ehtiyac duyurlar. Təsirə məruz qalmış yerlərin sakinlərinin normal həyatı bərpa olunmalıdır. Dünyadakı bütün uşaqlar kimi, müharibə və təbii fəlakətlərin acılarını yaşamış gənclərin də xoşbəxt gələcəyə haqqı vardır.
Qarşımızda duran digər mühüm və ağır vəzifə hərbi əməliyyatlar və münaqişələr zonalarında tarixi abidələrin qorunmasından ibarətdir. Bu abidələr qorunmur və bir çox hallarda məhvə məruz qalır. Belə cinayətlər bəşəriyyətin irsinə qarşı yönəlir. Bu irsin qorunması və mühafizəsi təşkilatımızın əsas prioritetlərindəndir.
Xanımlar və cənablar!
Yarandığı gündən YUNESKO gənclərin hüquqlarını müdafiə edib. Onların təhsili və inkişafı üçün yeni imkanların açılması təşkilatın əsas prioritetləri sırasındadır. Bu gün gənclər dünyanın dəyişilməsində əsas iştirakçıdırlar və dialoq ilə dözümlülük mədəniyyətini fəal surətdə təşviq edirlər. Son qlobal hadisələr cəmiyyətin siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçılarına çevrilmək fürsətinin gənclər üçün təmin edilməsinin nə dərəcədə vacib olduğunu nümayiş etdirdi.
İndi isə, mən Azərbaycanda həyata keçirdiyimiz bir sıra mühüm təşəbbüsləri qeyd etmək istərdim!
İcazə verin Sivilizasiyalar Alyansı Təşəbbüsü çərçivəsində gənclər platformasının qurulmasında Dialoq və Əməkdaşlıq naminə İslam Konfransının Gənclər Forumunun gördüyü böyük işləri sadalamaqla başlayım. 2007-ci ilin noyabrında Forum Heydər Əliyev Fondunun və bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə Bakıda “Sivilizasiyalar Alyansı naminə Gənclər” adlı beynəlxalq konfransı təşkil etdi. Gənc liderlər Sivilizasiyalar Alyansına dəstək olaraq qlobal gənclər hərəkatının yaradılması ilə bağlı təklifimizi tam şəkildə dəstəklədilər. Dörd il gərgin iş apardıqdan sonra Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatı Heydər Əliyev Fondunun himayəsi ilə Bakıda aprel ayında keçirilmiş birinci toplantıda təsis edildi.
Mədəniyyətlərarası dialoqa gender aspektini daxil etmək və qadın liderləri sülh mədəniyyəti mühitində formalaşdırmaq məqsədilə biz İslam Konfransının Dialoq və Əməkdaşlıq naminə Gənclər Forumu ilə “Mədəniyyətlərarası Dialoqda Qızlar və Gənc Qadınlar” adlı xüsusi proqramı təqdim etdik. Bu iş 2008-ci ilin iyun ayında Bakıda YUNESKO və İSESKO-nun birgə təşkil etdiyi Mədəniyyətlərarası dialoqda qadınların rolunun gücləndirilməsinə həsr olunmuş Beynəlxalq Forumda başlandı.
Biz informasiya və kommunikasiya texnologiyaları sahəsində gənclərin yeni və yaradıcı ideyalarını dəstəkləməkdə davam edirik. Bakıda 2009-cu ilin noyabrında keçirilmiş və təxminən 50 ölkədən gələn gənc İKT peşəkarlarını bir araya gətirmiş “Yeni nəslin İKT biliklərinin və bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq konfrans bu cür töhfənin bir təzahürüdür.
Məmnuniyyətlə bildirirəm ki, cari ilin noyabr ayında Azərbaycanın paytaxtında digər beynəlxalq təşəbbüs – İKT ölkələri üçün Gənc Sahibkarlar Şəbəkəsi həyata keçiriləcəkdir. Biz səmimiyyətlə həmin şəbəkənin qurulmasını gözləyirik. Çünki o, müsəlman ölkələrində gənclər arasında işsizliyin azaldılması, gənclərin radikallaşması və ekstremizm, eləcə də cinayətkarlıq və digər əməllərə qoşulma kimi problemlərin həllində gənclərə müxtəlif yollarla yardımçı olacaqdır.
Hörmətli dostlar!
Bu gün biz çətin vəzifə və problemlərlə üzləşirik. Bu görüş yeni ideyalarla bölüşmək, əldə etdiyimiz nailiyyətlər və qarşılaşdığımız çətinliklər haqqında danışmaq üçün yaxşı fürsətdir. YUNESKO öz gərgin əməyi ilə bu məramı daha da genişləndirəcək yüksək nüfuzlu təşkilatdır.
Sonda mən bu cür məsuliyyətli və zəruri işdə hər birimizə uğurlar arzulamaq istəyirəm. Sizə, həmçinin möhkəm cansağlığı və səadət arzulayıram.