2006-10-21

Oktyabrın 21-də Parisdə, UNESCO-nun mənzil-qərargahında təşkilatın 60 illiyinə həsr olunmuş "Sivilizasiyalararası dialoq" həftəsi çərçivəsində "Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda" adlı Azərbaycan günü təşkil edilib.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Mehriban Əliyevanın çıxışı:

- Xanımlar və cənablar,

Hörmətli qonaqlar,

İlk növbədə, mən sizin hamınızı Azərbaycan gününün təqdimatında salamlamaq və bu cür mühüm təbdirdə iştirak etdiyinizə görə öz təşəkkürümü bildirmək istəyirəm.

Bu gün burada bizimlə birgə olduğuna görə YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuraya xüsusi minnətdarlığımı ifadə edirəm.

Bu il biz YUNESKO-nun 60 illiyini qeyd edirik. Ötən 60 il ərzində YUNESKO dünya mədəniyyəti, təhsili və elminin inkişafına, habelə müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasındakı dialoqa böyük töhfə vermişdir. Sülh, dözümlülük, mədəni irs kimi universal dəyərlər YUNESKO-nun fəaliyyətinin əsasını təşkil edir. Yoxsulluğun azaldılması, hamı üçün təhsil və dünyadakı bütün millətlərin inikişafı həmin fəaliyyətin ayrılmaz hissəsidir.

Bu gün biz YUNESKO-nun Dözümlülük həftəsi - "Sivilizasiyalararası dialoq" çərçivəsində Azərbaycan gününü keçiririk və fikrimcə, bu, çox rəmzi xarakter daşıyır. Çünki dünən bizim bir müstəqil ölkə kimi 15 yaşımız tamam oldu.

Azərbaycan zəngin mədəni irsi və ənənələri ilə seçilən qədim diyardır.

Əsrlər boyu Azərbaycan sivilizasiyalar arasında dialoqun aparılmasında mühüm rol oynamışdır. Ölkəmiz Şərqlə Qərbin qovuşduğu məkanda yerləşir. Şərqdə ilk demokratik respublika 1918-ci ildə məhz Azərbaycanda qurulmuşdur. Bu, bütün müsəlman dünyasında Avropa tipli ilk parlament respublikası olmuşdur.

Eyni zamanda, müsəlman ölkələri arasında ilk opera, balet, teatr, qadın məktəbləri, azad mətbuat, kişi və qadınlar üçün bərabər seçki hüququ Azərbaycanda təşəkkül tapmışdır.

Hazırda, Azərbaycan Avropa dəyərlərini bölüşən və getdiyi yolunu tam anlayan müasir ölkəyə çevrilmişdir. Uğurlu inkişafın mühüm amillərindən biri də ondan ibarətdir ki, Azərbaycan dünyəvi dövlət, yüksək dözümlülüyü ilə seçilən bir ölkədir.

Tarixən Azərbaycan çoxmillətli ölkə olubdur. Buradakı bütün milli azlıqlar Konstitusiya əsasında bərabər hüquqa malikdir və bir ailə kimi yaşayır. Dini və etnik dözümlülük əldə etdiyimiz uğurların əsas elementidir və bizim sərvətimizdir.

Azərbaycan ilə YUNESKO arasında əməkdaşlığın tarixi müstəqilliyimiz dövründən başlayır. Ötən illər ərzində təhsil, elm və mədəniyyət sahələrində bir çox birgə layihələr həyata keçirilmişdir. Azərbaycanın maddi və qeyri-maddi mədəni abidələri artıq YUNESKO-nun Dünya irsi siyahısındadır. Məsələn, YUNESKO tərəfindən İçərişəhər dünyanın ən gözəl abidələri siyahısına, Azərbaycan muğamı isə Qeyri-maddi mədəni irs siyahısına salınmışdır.

Cənab Koişiro Matsuura 2005-ci ildə Azərbaycana etdiyi səfəri zamanı YUNESKO-nun dəstəyi ilə tikilən Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak etmişdir. Həmin vaxt biz eyni zamanda "YUNESKO-Azərbaycan: gələcəyə körpü" adlı beynəlxalq konfrans keçirdik, təhsil məsələlərini müzakirə etdik. İndə isə Azərbaycanı regionda ən yaxşı təhsil sistemi nümunəsinə çevirmək arzusundayıq.

Eyni zamanda biz YUNESKO ilə birlikdə qaçqın və məcburi köçkün uşaqlar üçün mühüm təhsil layihələri həyata keçiririk. YUNESKO ilə əməkdaşlığımız "Atəşgah" məbədinin bərpası, Qobustanın Dünya mədəni irs siyahısına salınması kimi layihələri də əhatə edir.

Azərbaycan YUNESKO ilə nəinki ölkə daxilində layihələr üzrə əməkdaşlıq edir. YUNESKO-nun məqsədlərinə uyğun olaraq, beynəlxalq ictimaiyyətin hər bir üzvünün ehtiyac duyan digər ölkələrə və xalqlara yardım etməsi zəruridir. YUNESKO ilə birlikdə biz Pakistanın Müzəffərabad şəhərində zəlzələ nəticəsində dağılmış məktəbi yenidən tikməyi planlaşdırırıq.

Bütün bunlar onu göstərir ki, Azərbaycan ilə YUNESKO arasındakı əməkdaşlıq çox məhsuldar, geniş və uğurludur.

Hörmətli dostlar,

Bu gün mən, bir tərəfdən, ölkəmi - Azərbaycan Respublikasını - bu mötəbər məclisdə təmsil etməkdən böyük şərəf hissi duyuram. Digər tərəfdən isə, YUNESKO-nun xoşməramlı səfiri kimi yenidən sizinlə öz ümumi ailəmizdə olmağıma çox şadam.

Yekun olaraq, icazə verin, bu cür təntənəli tədbirə gəldiyinizə görə hamınıza bir daha minnətdarlığı bildirim və uğurlar arzulayım. Əminəm ki, tədbir xoşunuza gələcəkdir.

Diqqətinizə görə sağ olun.

Arxiv üzrə axtarış