Sevda Məmmədəliyeva UNESCO-nun mənzil qərargahında təşkilatın Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Ramirez ilə görüşüb.
Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva UNESCO-nun mənzil qərargahında təşkilatın Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Ramirez ilə görüşüb.
Görüş Novruz bayramına təsadüf etdiyindən S. Məmmədəliyeva Azərbaycan xalqı üçün bu bayramın əhəmiyyətindən danışıb, Novruzun 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasından məmnunluğunu ifadə edib və bu münasibətlə bu gün UNESCO-nun qərargahında görkəmli muğam ustası Alim Qasımovun iştirakı ilə konsertin keçiriləcəyini qeyd edib. O, muğamın əsas alətləri olan tar və kamança sənəti və ifaçılığının da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs nümunəsi kimi tanındığını vurğulayıb.
1 Məmmədəliyeva Azərbaycan-UNESCO əlaqələrindən danışaraq, münasibətlərimizin son illər daha da dərinləşməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolunu vurğulayıb.
Nazir müavini iyunun 30-dan iyulun 10-dək UNESCO-nun baş direktoru Odre Azulenin də qatılacağı Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyası ilə bağlı hazırlıq işləri barədə qarşı tərəfə məlumat verərək, sessiyanın ən yüksək səviyyədə təşkil ediləcəyini diqqətə çatdırıb.
Baş direktorun müavini E.Ramirez Azərbaycan və UNESCO arasındakı münasibətlərin yüksək səviyyədə olmasından, ölkəmizin təşkilatın işində yaxından iştirak etməsindən və onun dəyərlərinin təşviqində mühüm rol oynamasından məmnunluğunu ifadə edərək təşəkkürünü bildirib. Azərbaycanın sədrliyi ilə keçəcək Ümumdünya İrs Komitəsinin iclasının uğurla təşkil ediləcəyinə əminliyini bildirən Baş direktorun müavini UNESCO-nun bu mühüm tədbirində şəxsən iştirak edəcəyindən məmnun olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov və Ümumdünya İrs Mərkəzinin direktoru Metşild Rossler iştirak edib.