2019-04-02

UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda İlham Əliyevin nitqi

Baş Konfransın cənab sədri.

İdarə heyətinin cənab prezidenti. 

Xanım baş direktor.

Hörmətli dostlar, xanımlar və cənablar.

Əvvəlcə, noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına dərin hüznlə başsağlığı vermək istəyirəm. Azərbaycan xalqı Fransa xalqının kədərini bölüşür və Fransa Respublikasının tarixində bu faciəli məqamda Fransa xalqı ilə çiyin-çiyinə dayanır. Bu dəhşətli terror hadisəsi bir daha göstərir ki, beynəlxalq ictimaiyyət bu bəla ilə mübarizə aparmaq üçün səylərini birləşdirməlidir. Dünyanın heç bir ölkəsinə bu cür hücumlara məruz qalmayacağı barədə yüz faiz zəmanət verilə bilməz. Buna görə də beynəlxalq ictimaiyyətin birgə səyləri bizə bu bəla ilə mübarizə aparmağa kömək edə bilər. Keçmişdə çoxsaylı terror hadisələrinin qurbanı olmuş bir ölkə kimi Azərbaycan terrorizmə qarşı mübarizədə öz rolunu oynayır və bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir.

Azərbaycan UNESCO-nun fəal üzvüdür. 23 ildən artıqdır, - demək olar ki, müstəqilliyini bərpa etdikdən dərhal sonra, - Azərbaycan UNESCO-nun üzvü olmuşdur və bəşəri dəyərlərin təşviqində öz rolunu oynamaqdadır. Azərbaycan demək olar ki, UNESCO-nun bütün konvensiyalarını və digər hüquqi aktlarını imzalamış və ratifikasiya etmişdir. 2003-cü ildə Azərbaycan ilə UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanmışdır. Bu da Azərbaycana UNESCO donorlarından birinə çevrilmək imkanı vermişdir. Bu, ən zəif inkişaf etmiş ölkələr qarşısında bizim öhdəliyimizdir. 

Müstəqillik dövrünün əvvəlində Azərbaycan özü yoxsulluq, siyasi böhran, işğal və iqtisadi tənəzzüllə üzləşmişdi və o zaman biz beynəlxalq yardım alırdıq. İndi isə bu yaxşılığın əvəzini ödəmək və dünyanın inkişaf məramına töhfə vermək növbəsi bizimdir. Tamamilə əminəm ki, UNESCO-nun təhsil, mədəniyyət və əlbəttə, elm kimi fəaliyyət sahələri bəşəriyyətin inkişafı üçün əsas istiqamətlərdir. Bu sahələrin inkişafı dünyamızı daha da təhlükəsiz edəcək. 

Dünya irsi siyahısına daxil olan İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qayaüstü rəsmləri kimi tarixi abidələrimizin UNESCO tərəfindən qorunan abidələr sırasında yer alması bizi fərəhləndirir. Azərbaycan qədim mədəniyyət, tarix, adət-ənənələr diyarıdır. Lakin, eyni zamanda, müstəqil dövlət kimi yalnız 24 il yaşayan çox gənc bir dövlətdir. Bu illər bir siyasi sistemdən digər siyasi sistemə, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid illəri olmuşdur. Bu illər ərzində ölkəmiz uğurlar əldə edə bilmişdir. 

Bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş və təmsil olunduğu təşkilatların fəal üzvüdür. Bizim ən böyük siyasi və diplomatik uğurumuz 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməyimiz olub. Bu da beynəlxalq ictimaiyyət tərəfindən qlobal arenada Azərbaycanın rolunun, uğurlu fəaliyyətinin tanınması və bizim nailiyyətlərimizə hörmət, etimad və minnətdarlıq əlaməti idi. Beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi Təhlükəsizlik Şurasında sədrlik etdiyimiz iki il ərzində biz diqqəti iki vacib məsələyə yönəltdik. Bunlar beynəlxalq terrorizmə qarşı mübarizə və mədəniyyətlərarası dialoqdur. Əfsuslar olsun ki, müstəqillik illərinin lap əvvəlindən Azərbaycan erməni təcavüzünün qurbanına çevrilmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalı bu günə kimi davam edir. Ermənistan tərəfindən yürüdülən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 250 min azərbaycanlı Ermənistandan deportasiya olunmuş və etnik təmizləməyə məruz qalmışdır, 750 min nəfər isə öz ölkəmizdə məcburi köçkünə çevrilmişdir.

Biz humanitar fəlakətlə üzləşmişdik. Biz o zaman iqtisadi cəhətdən o qədər də inkişaf etməmişdik, çox kasib ölkə idik. Bu gün televiziyada Avropanın üzləşdiyi miqrasiya böhranı ilə bağlı reportajları izləyərkən əlbəttə ki, biz evlərini tərk etmək məcburiyyətində qalan insanların ağrısını baş düşürük. Eyni zamanda, biz bu prosesin Avropada yaşayanlar üçün çətinliklər törətdiyini də anlayırıq. Lakin, eyni zamanda, 1992-ci, 1993-cü illəri xatırlayırıq. Bu illər ərzində biz Azərbaycanda bir milyona yaxın insanı yerləşdirməli idik. O vaxtlar Azərbaycanın əhalisi təxminən səkkiz milyondan bir az artıq idi. Beləliklə, bu, dünya miqyasında adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayının ən yüksək göstəricisi idi. Qaçqın və məcburi köçkünlərin cəmiyyətimizə inteqrasiyası üçün əlimizdən gələni etdik. Bu gün onlar ölkəmizin inkişafında çox vacib rol oynayırlar. 

Ermənistan nəinki beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozur. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, o dövrdən iyirmi ildən artıq vaxt ötmüşdür və bu qətnamələr icra olunmur. Burada biz beynəlxalq arenada qlobal təhlükəsizlik və qlobal konfiqurasiya ilə bağlı çox vacib məsələ ilə üzləşirik. Söhbət aparıcı beynəlxalq təşkilatların qərarları və qətnamələrinə məhəl qoyulmamasından və buna görə heç bir cəzanın tətbiq edilməməsindən gedir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir və bu hərəkətinə görə heç bir təzyiqlə qarşılaşmır.

Bu məsələ ciddi şəkildə nəzərdən keçirilməlidir. Biz Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmlərini təkmilləşdirməliyik ki, ikili standartlara yol verilməsin. Çünki biz hamımız bilirik ki, bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günə, hətta bir neçə saata icra olunur. Lakin bizim timsalımızda 20 ildən artıqdır ki, danışıqlar masasında heç bir irəliləyiş yoxdur, çünki Ermənistan sülh istəmir. Onlar bizimlə sülh şəraitində yaşamaq istəmirlər. Onlar imkanları olduğu qədər işğalçılıq siyasətini davam etdirmək istəyirlər və əfsuslar olsun ki, bu günə qədər buna nail ola biliblər. 

Lakin zaman bizim tərəfimizdədir, zaman ədalətin tərəfindədir, beynəlxalq hüququn tərəfindədir və mən əminəm ki, Azərbaycan bütün dünya tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. İşğal nəticəsində bizim tarixi, memarlıq və dini abidələrimiz məhv edilmişdir. 

Siz bu vəziyyətlə video və rəsmlərlə, internet vasitəsilə tanış ola bilərsiniz. Azərbaycanın 600-dən çox tarixi və memarlıq abidəsi erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmişdir. Daxilində 40 min eksponat sərgilənən 22 muzey məhv edilmişdir. O cümlədən bizim tarixi irsimizə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır. Erməni işğalçıları tərəfindən 10 məscid yerlə-yeksan olunmuşdur. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa olunmuş erməni kilsəsini görə bilərsiniz. Bu, multikulturalizmə olan yanaşmada bir fərqdir, bu, dini tolerantlığa olan yanaşmada bir fərqdir və bu, bir daha terrorizmin heç bir dinə, milli mənsubiyyətə aid olmadığını nümayiş etdirir. 

İslamı terrorizmlə əlaqələndirmək tamamilə qəbuledilməzdir. Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm. Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməcəyik. Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin onlar bizim iradəmizi, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər. Onlar geri qayıdacaqlar! Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini tamamilə dəstəkləyir. Eyni zamanda, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün mənşəyi Azərbaycana məxsusdur. Bu, Qara Bağ deməkdir, bunun erməni dilində heç bir mənası yoxdur.

Ermənilər bu ərazidə XIX əsrin ortalarında məskunlaşıblar. Çar Rusiyasının XX əsrin əvvəllərinə təsadüf edən xəritələrinə baxsanız görəcəksiniz ki, Ermənistanın bugünkü ərazisinin, bütün şəhərlərinin və kəndlərinin, bütün toponimlərinin mütləq əksəriyyətinin adları öz mənşəyini Azərbaycan dilindən götürüb. Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaradılmışdır. Bu respublikanın qəbul etdiyi ilk qərarlardan biri Yerevanı Azərbaycandan Ermənistana vermək oldu. Ermənistanın bugünkü paytaxtı XX əsrin əvvəlində əhalisinin 80 faizini azərbaycanlılar təşkil edən bizim tarixi İrəvan şəhərimizdir. Bu gün bu şəhər tamamilə etnik təmizlənməyə məruz qalıb. Beləliklə, tarix və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir və sizin də təsəvvür edə bildiyiniz kimi, bu məsələ Azərbaycan üçün, Azərbaycanın hər bir vətəndaşı üçün bir nömrəli məsələdir. Bu faciəvi hadisələrə və bu günədək davam edən işğala baxmayaraq Azərbaycan transformasiyada böyük uğura imza ata bilmişdir. 

Biz güclü demokratik təsisatlar yaratmışıq, müasir siyasi və çoxpartiyalı sistem qurmuşuq. Azərbaycan bütün azadlıqlara hörmət edildiyi bir ölkədir. Söhbət siyasi fəaliyyət azadlığından, mətbuat azadlığından, toplaşma azadlığından gedir. Dünya Bankının qiymətləndirməsinə əsasən 2008-ci ildə azərbaycanlıların yalnız 17 faizi internet istifadəçisi idi, 2015-ci ildə bu göstərici artıq 75 faiz təşkil edir. Bizim planımız bütün ölkə ərazisini genişzolaqlı pulsuz internet rabitəsi ilə əhatə etməkdir. Bu, mətbuat azadlığının, informasiya azadlığının bizim üçün prioritet məsələlər sırasına daxil edildiyini aydın nümayiş etdirir. 

Cənab sədrin qeyd etdiyi kimi, Azərbaycan iqtisadi inkişaf sahəsində böyük irəliləyiş əldə edib. Buna üzərimizdə olan qaçqın və məcburi köçkün yükünə rəğmən nail olunmuşdur. Ötən onillikdə iqtisadi inkişaf dünyada ən sürətlilər sırasında idi – 300 faizdən çox. İnsan kapitalına sərmayə yatırmaqla biz 10 il müddətində yoxsulluğun səviyyəsini əhəmiyyətli dərəcədə - demək olar ki, 50 faizdən 5 faizə qədər azalda bildik. İşsizlik səviyyəsi hətta 5 faizdən azdır. Bizim çox az xarici borcumuz var, ümumi daxili məhsulun yalnız 12 faizini təşkil edir. Ümumdünya Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan iqtisadiyyatı qlobal rəqabətliliyinə görə 40-cı yerdədir. Beləliklə, iqtisadi islahatlar bizə maliyyə ehtiyatlarımızı toplamağa, onları sosial inkişafa və infrastrukturun inkişafına yönəltməyə imkan verdi.

Biz gələcəyə, təhsilə investisiya yatırırıq. Azərbaycanda məktəblərin ümumi sayı 5 minə qədərdir. Bunların 3 mindən çoxu ötən on il ərzində inşa edilmişdir. Biz demək olar ki, yüz faizlik savadlılığa nail olmuşuq. Bu da öz növbəsində bizim gələcəyimizin çox güclü intellekt mənbəyidir. Ötən on il ərzində tikilmiş 500-dən artıq xəstəxana və digər səhiyyə müəssisəsi insanlarımıza müasir tibb xidmətlərindən faydalanmaq imkanı verir. Beləliklə, insan kapitalının inkişaf etdirilməsi bizim üçün həmişə ciddi qəbul edilən prioritet məsələ olmuş və olmaqda davam edir. 

Cənab sədrin qeyd etdiyi kimi, Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası dialoqda çox fəal rol oynayır. Biz mədəniyyətlərarası dialoq mövzusunda keçirilən üç forumda UNESCO-nun rəsmi tərəfdaşımız olmasından və Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşən, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən, lakin, eyni zamanda, dünyəvi cəmiyyəti və hökuməti olan, Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan bir ölkə kimi nadir rol oynamasından qürur hissi duyuruq. Biz bu çox əlverişli fürsətdən istifadə edərək insanları, sivilizasiyaları bir-birinə daha da yaxınlaşdırmağa çalışırıq. Biz 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirakını təmin edən “Bakı prosesi” adlı forum təşəbbüsünü irəli sürdük. Bu, tərəfimizdən atılmış birinci addım idi. Sonra 2009-cu ildə biz əksini etdik. İslam ölkələrinin mədəniyyət nazirlərinin görüşünə Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərini dəvət etdik.

Bu gün mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər böyük ehtiyac var. “Bakı prosesi” təşəbbüsünü irəli sürəndə dünyadakı vəziyyət tamamilə fərqli idi. Bu gün etimadsızlığın səviyyəsinin artdığını görürük. Müvafiq tədbirlər görməsək, dini zəmində qarşıdurmaların hamımız üçün daha da böyük problemlərə gətirib çıxaracağını görürük. Lakin biz sülh şəraitində yaşaya bilərik və düşünürəm ki, Azərbaycan kimi ölkələrin nümunələri bunu əyani şəkildə göstərir. Bizim ölkəmizdə bütün dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Hökumətimiz, dövlətimiz nəinki məscidlərin tikintisinə, həmçinin kilsələrin, pravoslav və katolik kilsələrinin, sinaqoqların yenidən qurulmasına və inşasına sərmayə yatırır. Qafqaz regionunda ən qədim kilsələrdən birinin Azərbaycanda, qədim Şəki şəhərinin yaxınlığında yerləşməsindən fərəhlənirik. Eyni zamanda, 743-cü ildə tikilmiş ən qədim məscidlərdən birinin Azərbaycanın qədim Şamaxı şəhərində yerləşməsindən qürur hissi keçiririk. Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri dini bayramları eyni masa arxasında qeyd edirlər. Buna görə də multikulturalizm bizim üçün bu gün müzakirə olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq bir ideya deyil. Multikulturalizm bizim adət-ənənəmizdir. 

Bu gün multikulturalizm təkcə ənənə deyil, bu, dövlət siyasətidir və bizim həyat tərzimizdir. Bu, mümkündür, çünki bizim bu sahədə topladığımız çox vacib təcrübəmiz var. Bunun bir nümunəsi bu il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsidir. Çox qəribədir ki, Avropadan başqa bütün qitələrin öz oyunları var idi. Olimpiya Oyunlarının ana vətəni qədim Yunanıstan olmuşdur, sonra Baron de Kuberten Oyunları burada - Fransada bərpa etmişdir. Lakin Avropanın heç zaman özünəməxsus Oyunları olmamışdı. Beləliklə, Avropa Olimpiya Komitəsinin müsəlman ölkəsində Avropa Oyunlarının bərpası ilə əlaqədar müdrik qərarı multikulturalizm və tolerantlıq ideyalarının hamımız üçün əhəmiyyət kəsb etdiyini nümayiş etdirir. 

Oyunlar uğurla keçirilmişdir və Avropanın 50 Olimpiya Komitəsini təmsil edən 6 mindən çox atlet Oyunlarda iştirak etmişdir. Biz 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik. Ola bilsin ki, uzun illər ərzində Azərbaycan və Bakı bu iki yarışın bir məkanda keçiriləcəyi yeganə yer olaraq qalacaqdır. Biz qarşılıqlı anlaşmaya töhfə verməyi davam etdirəcəyik, çünki multikulturalizm qarşılıqlı anlaşmaya, qarşılıqlı hörmətə əsaslanır. 

Siz digər dinlərə öz dininizə rəğbət bəslədiyiniz kimi hörmət etməlisiniz. Siz qonşunuzdan milliyyətini, kilsədə, sinaqoqda və ya məsciddə ibadət etməsini soruşmadan onunla yanaşı yaşamalısınız. Yalnız bu halda biz potensial riskləri azalda bilərik. Biz artan gərginlikləri aradan qaldıra bilərik. Əfsuslar olsun ki, dünyada vəziyyət bizim istədiyimiz istiqamətə doğru dəyişmir. Biz səylərimizi birləşdirməliyik. Biz Azərbaycanda qitələri, sivilizasiyaları bir araya gətirmək üçün üzərimizə düşən vəzifəni yerinə yetiririk. Konfransın sədrinin qeyd etdiyi kimi, gələn il biz xüsusilə multikulturalizm, dini və etnik tolerantlıq məsələlərinin müzakirəsini nəzərdə tutan BMT-nin Sivilizasiyaların Alyansının qlobal forumuna ev sahibliyi edəcəyik. Bu məsələdə UNESCO-nun nadir rolunu vurğulamaq istəyirəm. Biz UNESCO-nun fəaliyyətini və Baş direktoru xanım İrina Bokovanın güclü rəhbərliyini dəstəkləyirik. Azərbaycan UNESCO-ya şərəfli fəaliyyətində dəstək olmaq üçün əlindən gələni edəcəkdir. Bir daha sizi salamlamaq, sizə hörmətimi ifadə etmək və UNESCO-nun 70-ci ildönümü münasibətilə sizi təbrik etmək istəyirəm. Çox sağ olun.

 

Arxiv üzrə axtarış