2019-05-16

UNESCO-da Azərbaycanın Qoşulmama Hərəkatına gələcək sədrliyi çərçivəsində caz konserti təşkil olunub

Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “Caz sülhün xidmətində” adlı konsert təşkil edilib.

Ölkəmizin cari ilin oktyabrından Qoşulmama Hərəkatında başlanacaq sədrliyi çərçivəsində təşkil edilmiş konsert Multilateralizm və Diplomatiya sülhün xidmətində və Beynəlxalq Caz Günlərinə həsr edilib.

Əvvəlcə UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov çıxış edərək, tədbirə verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. O, ölkəmizin Qoşulmama Hərəkatında rolu barədə məlumat verib. Qeyd edib ki, 2011-ci ildə bu quruma qoşulan ölkəmiz qısa bir zamanda üzv dövlətlərin rəğbətini qazanıb. Buna görə də təşkilata sədrlik 2019-cu ilin oktyabrından üç il müddətinə ölkəmizə etibar edilib.

A.Kərimov vurğulayıb ki, Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatına yeni ruh vermək, onu canlandırmaq və dünyada sülhün bərqərar olması üçün səylərini əsirgəməyəcək. Caz konsertinin sülhə həsr edilməsi də məhz Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasətdən və dünyanın sülhə olan ehtiyacından qaynaqlanır.

Daimi nümayəndəliyimizin rəhbəri diqqətə çatdırıb ki, caz hamı tərəfindən qəbul olunmuş musiqi janrı olmaqla birləşdirici qüvvəyə malikdir. Caz bədii ifadə formasından əlavə insanlar və xalqlar arasında dostluğu, əməkdaşlığı, dialoqu və sülhü təqlin edir. Məhz bu səbəbdən də konsertə müxtəlif qitələri təmsil edən Azərbaycan, Mali və Venesuelanın tanınmış caz ustaları dəvət edilibdir. Üç ölkənin musiqiçilərinin bir səhnədə yer alması məhz birliyə və dostluğa çağırışdır.

UNESCO yanında Qoşulmama Hərəkatı qrupunun sədri, Venesuelanın qurumdakı daimi nümayəndəliyinin rəhbəri Hektor Konstan Rozales, Malinin daimi nümayəndəliyinin rəhbəri Omar Keita və UNESCO Baş direktorunun xarici əlaqələr və Afrika üzrə müavini Eduard Firmin Matoko çıxış edərək ölkəmizə bu cür konsertin təşkilinə görə təşəkkür ediblər. Azərbaycanın UNESCO ideyalarının, sülhün, multilateralizmin və caz musiqisinin təbliği üçün apardığı fəaliyyəti yüksək qiymətləndiriblər. Bildiriblər ki, caz sülhü, dialoqu və əməkdaşlığı təşviq etdiyi üçün bu mövzuda konsertin keçirilməsi təqdirəlayiqdir.

Çıxışlardan sonra Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevanın, dünyada məşhur olan Mali caz ustası Şeyk Tidian Sekin və Venesuelanı təmsil edən Avila kvartetinin konserti olub. Azərbaycanlı müğənni “Sarı gəlin”, “Reyhan”, “Gül açdı” xalq mahnılarını, eləcə də özünün bəstələrini ifa edib. Konsertin sonunda birlik və sülh mesajı vermək üçün hər üç ölkənin musiqiçiləri birlikdə mahnı ifa ediblər.

Konsertdən sonra Azərbaycan daimi nümayəndəliyinin təşəbbüsü ilə 14 ölkənin - Əfqanıstan, Banqladeş, Boliviya, Kuba, İndoneziya, Qatar, Pakistan, Fələstin, Tailand, Zambiya, Mali, Səudiyyə Ərəbistanı və Venesuela- milli mətbəxlərindən ibarət ziyafət verilib.

Arxiv üzrə axtarış