Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Paris şəhərində səfərdədir.
UNESCO-nun 2019-cu il “Yubileylər” proqramına daxil edilən Bakı Dövlət Universitetinin 100 illik yubileyi iyunun 12-də qurumun baş qərargahında beynəlxalq səviyyədə qeyd olunacaq. Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də həmin tədbirə qatılacaq.
Parisə səfəri çərçivəsində Ceyhun Bayramov UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini ilə görüşüb. Görüşdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də iştirak edib.
Nazir Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açaraq, həmin hökumətin birinci qərarının Azərbaycanda ilk universiteti təsis etmək olduğunu vurğulayıb. O, BDU-nun Azərbaycanın təhsil sistemindəki mühüm rolunu qeyd edərək, Prezident İlham Əliyev tərəfindən “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci ildə imzalanmış Sərəncamı xatırladaraq, bu istiqamətdə görülmüş işlərdən danışıb.
C.Bayramov habelə Təhsil Nazirliyinin Dayanıqlı İnkişaf Məqsədi 4 – təhsil üzrə əsas qurum olduğunu vurğulayaq, ümumilikdə 2030-cu ilədək Gündəliyin reallaşdırılması üzrə Azərbaycan Respublikasının Baş Nazirinin müavinin sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını qeyd edib.
Görüşdə son dövrün ən aktual mövzularından olan süni intellekt və bu sahədə təhsilin rolu ətrafında fikir mübadiləsi aparılıb.
BDU-nun rektoru Elçin Babayev 23 min tələbəsi olan universitetdə fəaliyyət göstərən UNESCO kafedraları məsələsinə toxunaraq, “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrasının fəaliyyət müddətinin 2023-cü ilədək uzadılmasına görə S.Gianniniyə minnətdarlığını bildirib.
Görüşün sonunda S.Giannini Təhsil nazirini və BDU-nun rektorunu UNESCO Baş Konfransı çərçivəsində cari ilin noyabr ayında keçiriləcək Nazirlər görüşünə dəvət edib. C.Bayramov UNESCO-nun Baş direktorunun müavinini təyin olunduğu yeni vəzifə çərçivəsində Azərbaycana səfərə dəvət edib.