2020-01-24

YUNESKO-da fəaliyyət göstərən Daimi Nümayəndələr Dərnəyi Yeni il münasibətilə tədbir təşkil edib.

Tədbirdə ölkəmizin YUNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri, YUNESKO Daimi Nümayəndələr Dərnəyinin prezidenti səfir Anar Kərimov çıxış edib.

O, quruma yeni qoşulmuş nümayəndələrə dərnəyin yaranması tarixi, fəaliyyəti və məqsədləri haqqında məlumat verib, dərnəyin qurumdakı daimi nümayəndəliklərin sosial həyatında mühüm rol oynadığını və onların ümumi şəbəkəsi olduğunu bildirmişdir. Dərnəyin üzvlərini bir araya gətirərək onlar arasında kommunikasiyanı daha da təkmilləşdirməyindən, bütün bunların çoxtərəfli əlaqələrin inkişafına töhfə verdiyindən danışan daimi nümayəndə, müxtəlif ölkələrin YUNESKO yanında daimi nümayəndəliklərinin üzvlərinə tədbirin təşkilinə verdikləri dəstəyə görə təşəkkürünü bildirmişdir.

A.Kərimov diqqətə çatdırmışdır ki, tədbir, eyni zamanda, YUNESKO-nun 75 illiyinin bayram edilməsinin başlanğıcıdır.

Tədbir çərçivəsində ənənəyə uyğun olaraq nümayəndələr dərnəyinin fəal üzvlərinə diplom və medallar təqdim edilib, 2020-ci ildə dünyamıza dayanıqlı sülh, əmin-amanlıq, təşkilat və onun üzvlərinə isə uğurlar arzulanmışdır.

Məlumat üçün bildirək ki, müxtəlif ölkələrin YUNESKO yanında daimi nümayəndəliklərinin Daimi Nümayəndələr Dərnəyi 1992-ci ildə yaradılıb və həmin ildən Azərbaycan dərnəyin üzvüdür. Dərnək qeyri-formal əlaqələri inkişaf etdirmək və YUNESKO ailəsi nəzdində dostluq əlaqələrini daha da möhkəmləndirmək istiqamətində qurumun yeganə forumudur. Daimi nümayəndəliklərin sosial həyatında fəal rol oynayan dərnək üzvləri aralarında mütəmadi olaraq fikir mübadilələri aparılır. 2019-cu il iyun ayından Daimi Nümayəndələr Dərnəyinin prezidenti Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəsi, səfir Anar Kərimov seçilmişdir.

Arxiv üzrə axtarış