YUNESKO-da Azərbaycan cəmiyyətində qadınların rolundan danışılıb
Azərbaycan cəmiyyətində qadınların yeri və təhsili daim əsas məsələlərdən biri olub. Müsəlman Şərqində ilk qız məktəbinin 1901-ci ildə məhz Bakıda açılması təsadüfi deyil.
Bu fikirləri Parisdə YUNESKO-nun Baş qərargahında “YUNESKO qadınları çoxtərəfli diplomatiyada: rolu, çağırışlar və perspektivlər” adlı konfransda qurumdakı daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov deyib.
Səfir Azərbaycan cəmiyyətində qadınların rolunun tarixi və aktual aspektləri haqqında məlumat verib. XII əsrdə qadınlarımızın fəallığından söz açaraq bildirib ki, həmin dövrdə qadınların hüquqları uğrunda mübarizə aparan Məhsəti Gəncəvinin adı YUNESKO-nun Yubileylər siyahısına daxil edilib, 2013-cü ildə şairin 900 illiyi təşkilatda qeyd olunmuşdur.
A.Kərimov vurğulayıb ki, qadınların yeri və təhsili Azərbaycan cəmiyyətində daim əsas prioritetlərdən olub. Bu tendensiya 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirilib. Müstəqillik bəyannaməsinə digər əsas hüquqlarla bərabər, gender bərabərliyi də daxil edilib. 1919-cu ildə milli parlamentdə müsəlman dünyasında ilk dəfə qadınlara seçib-seçilmək hüququ verilib.
“1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da qadınlara diqqət həmişə ön planda olub. Qadınlarla bağlı bir çox qanunlar qəbul edilib. Bu gün ölkədə bütün sahələrdə, eləcə də siyasi iyerarxiyada qadınlara önəm verilir. Ölkəmizin Birinci vitse-prezidenti qadındır. Həmçinin bir neçə nazir və dövlət katibi, rektor vəzifələrini qadınlar tutur. Son bələdiyyə seçkiləri zamanı qadınların sayı 40 faizə qədər yüksəlib. Parlamentdə indiyədək 125 deputatdan 21-i qadın olub. Fevralın əvvəlində keçiriləcək parlament seçkilərində isə qadın namizədlərin sayı daha çoxdur”, - deyə A.Kərimov vurğulayıb.
O, həmçinin qeyd edib ki, məhkəmə hakimiyyəti sistemində hakimlərin 25 faizi qadınlardır. Diplomatiya sahəsində də qadınlar fəaldırlar.
Konfrans çərçivəsində habelə müxtəlif ölkələrin yaradıcı qadınlarının əsərlərindən ibarət sərgi təşkil olunub. Azərbaycanın əməkdar rəssamı Əsmər Nərimanbəyovanın əsərləri də sərgidə nümayiş olunub.
YUNESKO-nun Afrika qrupunun prezidenti, Qabonun YUNESKO yanında daimi nümayəndəsi tərəfindən təşkil olunmuş konfransda qurumun Baş direktorunun müavinləri, qurumun şöbə müdirləri, səfirlər, üzv ölkələrin daimi nümayəndəliklərinin nümayəndələri iştirak ediblər.