Azərbaycan Hökuməti və YUNESKO arasında imzalanmış əməkdaşlıq üzrə “Çərçivə Sazişi” növbəti 5 ilə uzadılmışdır.
Azərbaycan Hökuməti və YUNESKO arasında 24 sentyabr 2013-cü il tarixində 5 il müddətinə imzalanmış təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə “Çərçivə Sazişi” növbəti 5 ilə uzadılmışdır.
“Çərçivə Sazişi”nə dəyişikliklər edilməsi haqqında Protokol 28 yanvar 2020-ci il tarixində YUNESKO Baş qərargahında Strateji Planlaşdırma Bürosunun direktoru Jan-İv Lö So və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi, səfir Anar Kərimov tərəfindən imzalanmışdır.
Məlumat üçün bildirək ki, keçən dövr ərzində Sazişə uyğun olaraq, Azərbaycan və YUNESKO arasında təsis edilmiş Etimad Fondundan ölkəmiz tərəfindən seçilmiş müxtəlif layihələr maliyyələşdirilmişdir.
Beləliklə, Uqanda, Tanzaniya və Keniyada təhsil sistemində gender bərabərliyinin təşviqinə, qızların həyat səviyyəsinin yaxşılaşdırılmasına, onların tibbi savadlılığının artırılmasına yönəldilmiş bir sıra layihələr həyata keçirilmişdir. Banqladeş və Qvatemalada qeyri-maddi mədəni irsin qorunması üzrə bacarıqların artırılması ilə bağlı iki layihə, CapEFA (Hər Kəs üçün Təhsil üzrə Bacarıqların Artırılması) Proqramı çərçivəsində Liberiyada “Hər Kəs üçün Təhsil üzrə bacarıqların inkişafı: texniki və peşəkar təhsil və təlim alt sektoruna dəstək” adlı layihə də Etimad Fondundan maliyyələşdirilmişdir.
Bundan əlavə, Haitidə zəlzələ nəticəsində zərər çəkmiş Cakmel şəhərinin mərkəzinin tarixi hissəsinin bərpasına yönəlmiş layihəyə Azərbaycan Respublikası da dəstək vermişdir.
Bu çərçivədə habelə Özbəkistan və Qırğızıstan ilə birlikdə Avisenna Virtual Kampusu – elm və texnologiya sahəsində müəllimlər üçün təlimlərin təşkil edilməsi üzrə genişmiqyaslı proqram da reallaşdırılmışdır.
“Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə YUNESKO-nun hərbi bələdçisi” (Protection of Cultural Property. Military Manual) 1954-cü il Haaqa Konvensiyası və onun İkinci Protokolu haqqında məlumatlılığın artırılması məqsədilə YUNESKO-nun müşahidəsi ilə İtaliyanın Sanremo İnstitutu tərəfindən ingilis dilində hazırlanıb Etimad Fondunun maliyyə dəstəyi ilə çap edilmişdir.
İpək Yolu boyunca yaşayan müxtəlif icmaların nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən “Dialoq, müxtəliflik və inkişaf üçün Böyük İpək Yolu onlayn Platforması” adlı layihəyə də Azərbaycan Hökuməti tərəfindən maliyyə dəstəyi verilmişdir.
Eləcə də BMT-nin Gənc Peşəkar Proqramı (Junior Professional Officer Programme (JPO)) vasitəsilə YUNESKO Katibliyi insan resursları baxımından dəstəkləmişdir. JPO kimi YUNESKO sisteminə qoşulan 2 gənc Azərbaycanlı hal-hazırda YUNESKO-nun tam hüquqlu əməkdaşlarıdırlar.