2020-01-31

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə YUNESKO-nun Baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi və YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə YUNESKO-nun Baş qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərginin açılışı olub.

Sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, YUNESKO Baş direktorunun mədəniyyət üzrə müavini Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov, Fransada akkreditə olunmuş səfirlər, YUNESKO-dakı missiyaların rəhbərləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sərginin açılışında çıxış edərək “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı layihənin ərsəyə gəlməsindən danışıb. O, bildirib ki, 10 il əvvəl Azərbaycan xalça sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına, Bakıda YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında isə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu baxımdan Şəki xalçalarının YUNESKO-nun Baş qərargahında sərgilənməsi böyük əhəmiyyət daşıyır. O, sərginin təşkilatın Baş qərargahında təşkilinə göstərdiyi dəstəyə görə qurumun Baş direktoru Odre Azuleyə təşəkkür edib.

Daha sonra sərginin açılışında YUNESKO Baş direktorunun mədəniyyət üzrə müavini Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, YUNESKO yanında daimi nümayəndə, səfir Anar Kərimov da çıxış ediblər. Çıxışlarda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna sərginin təşkilinə görə təşəkkür bildirilib.

Vurğulanıb ki, bu sərgi Azərbaycan mədəniyyətini, xalqın həyatının ayrılmaz hissəsi olan xalçaçılığını daha yaxından kəşf etməyə imkan yaradır. Xalça toxuculuğunun Azərbaycanın kimliyini, Azərbaycan xalqının estetik və dünyagörüşünü, eləcə də plüralist baxışlarını əks etdirdiyini, nəsildən-nəslə ötürüldüyü diqqətə çatdırılıb. Şəkinin zəngin mədəni irsindən, ipəkçiliyindən, Azərbaycan memarlığının şedevri olan Xan Sarayından danışılıb.

Bundan əlavə, qeyd edilib ki, mədəni irsin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsi YUNESKO-nun missiyasıdır. Azərbaycanın dövlət nümayəndələrinə qurumun bu missiyasına göstərdiyi dəstəyə görə minnətdarlıq bildirilib.

Tədbirdə sərgilənən xalçaların toxucularından ikisi, eləcə də Kann sərgisindən ruhlanaraq Azərbaycana gəlmiş və xalça toxumağı öyrənmiş Filip Jüj də iştirak ediblər. Filip Jüj layihənin sakini olduğu Kann şəhərində təşkil edilməsindən məmnunluğunu bildirib və elə həmin vaxtdan Azərbaycan xalçalarına heyran olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, xalçalarımıza bu heyranlığı onu həmin sərgini hər gün ziyarət etməyə sövq edib. Dəfələrlə sərgidəki xalçaları seyr etdikdən sonra o, Azərbaycana gələrək xalçaçıların yanında təcrübə keçməsindən, xalça toxumağı öyrənməsindən danışıb. Kanna qayıtdıqdan sonra evində dəzgah qurduğunu və artıq iki xalça toxuduğunu deyib.

Sərginin rəsmi hissəsindən sonra tədbir iştirakçıları nümayiş olunan xalçaları seyr edib və motivlər, rənglərlə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, Azərbaycan sənətçiləri, rəssamları Şəki Xan Sarayındakı əsrarəngiz ornamentlərdən, freskalardan ruhlanaraq nəfis və zəngin əsərlər yaradıblar. Sərgidə nümayiş olunan xalçalar da məhz həmin ornamentlərin, Şəki motivlərinin əsasında xalçaçı-rəssam, xalq rəssamı Eldar Mikayılzadənin eskizləri üzrə iki il ərzində 30 xalçaçı tərəfindən toxunub.

Sərgi ilk dəfə 2019-cu ildə Heydər Əliyev Fondunun Kann şəhərində keçirdiyi Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim edilib və bu il ərzində onun bir çox fransız şəhərlərində nümayişi nəzərdə tutulur.

YUNESKO-nun Baş qərargahında təşkil olunan sərgi fevralın 4-dək davam edəcək.

Arxiv üzrə axtarış