2020-02-13

YUNESKO-da Azərbaycanın Mədəni Özünüifadə Müxtəlifliyinin Təşviqi sahəsində həyata keçirdiyi layihələrdən danışılıb.

11 fevral 2020-ci il tarixində Fransanın paytaxtı Paris şəhərində YUNESKO-nun baş qərargahında qurumun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının açılışı olub.
Azərbaycanı mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və YUNESKO yanında daimi nümayəndə, səfir Anar Kərimov təmsil edib. 
Sessiyanın gündəliyi qəbul edildikdən sonra müşahidəçilərin siyahısı təsdiqlənib və komitənin on ikinci iclasının ətraflı icmal protokolu qəbul edilib. Sonra qurumun katibliyinin 2018-2019-cu illərdə həyata keçirdiyi fəaliyyətin hesabatları dinlənilib. 
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, 2005-ci il Konvensiyasının mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi istiqamətində əvəzsiz rolundan danışıb. O bildirib ki, 2010-cu ildən Konvensiyaya qoşulan Azərbaycan mədəniyyət sahəsindəki bütün qanun və sənədlərində onun prinsiplərini cəmləşdirib. Qeyd edib ki, Azərbaycan çox müxtəlif etnik və dini icmalara malikdir. Bu cür mədəni zənginliyə əsaslanaraq ölkəmiz mədəni özünüifadə müxtəlifliyinə hörməti səmərəli şəkildə inkişaf etdirməyə, icmalar arasında inklüzivliyi təşviq etməyə, yaradıcılıq sahələrinin inkişafını artırmağa, vətəndaş cəmiyyəti qurumlarını və sənət adamlarını cəlb etməyə və dəstəkləməyə, eləcə də müxtəlif səviyyələrdə müasir mədəni özünüifadə dəyərləri haqqında məlumatlılığı artırmağa nail olub. 
Mədəniyyət nazirinin müavini Azərbaycanın multikulturalizm nümunəsi olduğunu vurğulayaraq deyib ki, ölkəmiz mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində öz mədəni mənbələrindən fəal şəkildə istifadə edir və davamlı inkişafın təmin edilməsində mədəniyyətin əsas amillərdən biri kimi tanıdılmasının fəal tərəfdarlarındandır. Ölkəmizin mədəniyyət sahəsində fəaliyyəti 2005-ci il Konvensiyasının məqsədlərindən biri olan mədəniyyətlərarası dialoqun geniş və balanslı mübadiləsinin təmin edilməsinin təşviqi ilə üst-üstə düşür. 
Vurğulanıb ki, mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. Ölkəmizdə hər iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rolu vurğulanıb, beynəlxalq təşkilatların, eləcə də YUNESKO-nun onun əsas tərəfdaşları olduğu diqqətə çatdırılıb. 2017-ci və 2019-cu illərdə BMT-nin iki qətnaməsi ilə Forumun mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində qlobal platforma olduğu qeyd edilib. Bundan başqa, ölkəmizdə mədəni özünüifadədə hamıya bərabər imkanlar yaratmaq prinsipinə riayət edilməsindən, inklüziv layihələrin həyata keçirilməsindən söz açılıb. 
Yaradıcı sənayenin 2005-ci il Konvensiyasının prioritet sahələrindən olduğu qeyd edilib. Yaradıcı sənaye sahələri barədə məlumatlılığı artırmaq və yerli istehsal, eləcə də yerli yaradıcı məhsul və xidmətlərin yayılması və ixracının təşviqi üçün “Yaradıcı Azərbaycan” portalının istifadəyə verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə sənətə və sənət adamlarına xüsusi qayğı göstərilir. 
Daha sonra nazir müavini qeyd edib ki, YUNESKO-nun qərarı ilə Bakı şəhəri 2019-cu ildə "Dizayn" nominasiyası, Şəki isə 2016-cı ildə "Sənət və sənətkarlıq" nominasiyası üzrə təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. Azərbaycanın 2005-ci il konvensiyasının prinsiplərinə sadiq olduğu vurğulanıb. 

Arxiv üzrə axtarış