YUNESKO Baş qərargahında Beynəlxalq Ana Dili Günü qeyd edilmişdir.
YUNESKO Katibliyinin və Banqladeşin YUNESKO yanında Daimi Nümayəndəliyinin təşəbbüsü və birgə təşkilatçılığı ilə qurumun Baş qərargahında 21 fevral 2020-ci il tarixində Beynəlxalq Ana Dili Günü qeyd edilmişdir. Ana Dili Gününün təşkilində Azərbaycan da daxil olmaqla 26 ölkə iştirak etmişdir. Tədbir çərçivəsində hər bir ölkənin hazırladığı stendlərdən ibarət sərginin açılışı olmuşdur. Açılış mərasimində YUNESKO baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini və Banqladeşin YUNESKO yanında daimi nümayəndəsi Kazi İmtiaz Hossain ana dilinin yaradıcılıq və inkişafda rolundan danışmışdılar. Bildirilmişdir ki, Ana Dili Gününün qeyd edilməsi təşəbbüsü Banqladeşə məxsusdur. Bu təşəbbüs 1999-cu ildə YUNESKO-nun Baş Konfransında təsdiqlənmiş və 2000-ci ildən bütün ölkələrdə qeyd olunur. Söylənilmişdir ki, davamlı inkişaf üçün mədəniyyət və dil müxtəlifliyi vacibdir, mədəniyyət və dil müxtəlifliyinin qorunub saxlanılması YUNESKO-nun mandatına daxildir və çox dilli, çox mədəniyyətli cəmiyyətlər bilik və ənənələri qoruyub saxlayan və gələcək nəsillərə ötürən dilləri vasitəsilə yaşayırlar. S.Ciannini ölkələrin dillə bağlı hazırladığı stendləri ziyarət etmiş, ölkələr isə öz dilləri haqqında məlumat vermişdilər. Sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanın tarix boyunca üzləşdiyi çətinliklərə baxmayaraq, ana dilimiz qorunub saxlanılıb və nəsildən-nəslə ötürülüb. Bu fikirləri isə YUNESKO yanında daimi nümayəndəliyimizin üçüncü katibi Nigar Qurbanova söyləmişdir. Bu gün dünyada 50 milyondan çox insanın Azərbaycan dilində danışdığını qeyd edən N.Qurbanova, anadilli poeziyamızın inkişafında müstəsna rol oynayan və 2019-cu ildə YUNESKO-nun Baş qərargahında 650 illik yubileyi qeyd olunan, dahi mütəfəkkir, şair İmadəddin Nəsiminin dilimizin təşviqi üçün hazırlanmış posterdə yazılmış beytini izah etmişdir. O, həmçinin bildirmişdir ki, tarix boyunca Azərbaycan əlifbası müəyyən səbəblərə görə dəfələrlə dəyişib, ancaq bunun dilimizə təsiri olmayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə ölkədə latın qrafikasına keçirilib.
Sonra Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil olunmuş mədəniyyət proqramı təqdim olunmuş, ölkələr musiqi, poeziya, rəqs vasitəsilə öz dillərini təqdim etmişdilər. Səma Moqadam “Yüz bir” Azərbaycan xalq rəqsini ifa etmişdir. Tədbir çərçivəsində digər ölkələrlə bərabər Azərbaycan təamları da nümayiş olunmuşdur.
Xatırladaq ki, 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dillərinin rəsmi dil olması uğrunda mübarizələri nəticəsində öldürülmüş 4 tələbənin xatirəsinə hörmət olaraq, 21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməyə başlanılmışdır.