Parisdə Xocalı faciəsinin qurbanlarının xatirələrinin anma mərasimi keçirildi
Xocalı faciəsi erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsidir.
Bu faciəni, eləcə də Dağlıq Qarabağda ermənilərin törətdikləri vəhşilikləri və dəhşətləri dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırım aktı kimi tanınmasına nail olmaq qarşımızda duran ümdə vəzifədir. Bu məqsədlə 2009-cu ilin fevralında İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası fəaliyyətə başlayıb və uğurla davam edir.
Bu fikirləri Parisin 4-cü rayonunda yerləşən Notre-Dame des Blancs-Manteaux kilsəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev demişdir. O, “Xocalıya ədalət!” kampaniyası haqqında ətraflı məlumat verərək, bu kampaniya nəticəsində Xocalı soyqırımının bir çox ölkələrin parlamentləri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən tanındığını qeyd etmişdir.
O bildirmişdir ki, faciənin əsl beynəlxalq hüquqi və siyasi qiymətləndirilməsi, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir.
“Demokratiyanın beşiyi deyilən Fransa, Xocalıda törədilən bu cinayətlərə etinasız qalmayacaq və bu cinayətlərə hüquqi və siyasi qiymət verəcək. Fürsətdən istifadə edərək, Xocalı soyqırımının qurbanlarının xatirələrinin anılması üçün Fransa Prezidenti Emmanuel Makrona məktub ünvanlamaq təşəbbüslərinə görə bu ölkədə fəaliyyət göstərən Fransa–Azərbaycan Assosiasiyalarına təşəkkür edirəm”, – səfir R.Mustafayev söyləmişdir. O, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarları xatırladaraq qeyd etmişdir ki, münaqişənin həlli həvalə edilmiş ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycan xalqını məyus etmişdir.
İnsan hüquqları sahəsində debatlarda avanqard olan Fransa unutmamalıdır ki, Xocalıda qətlə yetirilmiş, işgəncə verilmiş insanların da sakit həyat, təhlükəsizlik, xoşbəxtlik kimi hüquqları var idi. Təəssüflər olsun ki, bu gün Xocalı qurbanlarının həmin hüquqlarını təmin etmək mümkün deyil. Yeganə edə biləcəyimiz şey bu insanların xatirəsini ehtiramla yad etməkdir.
Fransadakı Səfirliyimizin və YUNESKO yanında Daimi Nümayəndəliyimizin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı birgə təşkil etdiyi tədbirdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov və Fransada yaşayan, Xocalının Kosalar kəndində anadan olmuş və 14 yaşında doğma yurdundan didərgin düşmüş Şahsuvar Mirzəyev çıxış edərək Xocalı soyqırımı zamanı erməni silahlı qüvvələrinin dinc sakinlərə qarşı törətdiyi cinayətlərdən söz açmışdılar.
Anım tədbirinin sonunda Timur Abdikeyev, Vurğun Vəkilov (piano) və Ağarəhim Quliyev (fleyta) “Laçın”, “Sarı gəlin” xalq mahnılarımızı, eləcə də Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyev, Sergey Rahmaninov, Andre Kaple, Qara Qarayev, Fərhad Bədəlbəylinin əsərlərini ifa etmişdilər.