2020-09-29

YUNESKO rəhbərliyi Ermənistanın son təxribatı ilə bağlı məlumatlandırılıb

28 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev YUNESKO Baş direktorunun Prioritet Afrika və Xarici Əlaqələr üzrə müavini Firmin Edouard Matoko ilə görüşmüşdür.

Görüşdə 2020-ci il sentyabrın 27-də səhər saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması, Azərbaycanın mülki əhalisinin, yaşayış məntəqələrinin iri çaplı silahlardan atəşə tutulması və hərbi mövqelərimizə hücum barədə məlumat verilmiş, erməni silahlı qüvvələrinin hücumu nəticəsində mülki şəxslər və hərbçilərin həlak olduğu vurğulanmışdır.

Dinc insanları müdafiə etmək, eyni zamanda ölkəmizin ərazi bütövlüyü və suverenliyini qorumaq məqsədilə Azərbaycan ordusu tərəfindən erməni hərbçilərinə qarşı anti-terror əməliyyatlarına başlanıldığı, əksinə isə, Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinin hədəfə alındığı qeyd olunmuşdur. Bariz nümunə kimi də, iki azyaşlı uşaq da daxil olmaqla bir ailənin 5 üzvünün, bundan başqa müxtəlif yaşayış məntəqələrində dinc insanların öldürülməsi, çoxlu sayda mülki əhalinin yaralanması və onların mülklərinə ciddi ziyan dəyməsi gətirilmişdir.

Eyni zamanda, son zamanlar işğal olunmuş ərazilərimizə Suriya və Livandan erməni ailələrin yerləşdirilməsi, qondarma rejimin parlamentinin Azərbaycanın mədəniyyət incisi olan Şuşa şəhərinə köçürülməsi, eyni zamanda Ermənistan baş naziri və müdafiə nazirlərinin danışıqlar prosesinə zərbə vuran bəyanatları, Azərbaycanın mülki əhalisinin mütəmadi olaraq atəşə tutulması diqqətə çatdırılmışdır.

“YUNESKO-nun əsas məqsədi mədəni irsin qorunmasıdır. Ermənistan işğal etdiyi ərazilərimizdə mədəni irsimizi dağıtmaqla Azərbaycanlıların regionda izlərini silməyə çalışır. Tərtər rayonundakı xalça fabrikini Ermənistan silahlı birləşmələri məqsədli surətdə atəşə tutub və nəticədə fabrikə ciddi ziyan dəyib. Azərbaycan Xalça sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyindən bu birbaşa dünya irsinin dağıdılması deməkdir. Bu faktlar YUNESKO-nu da narahat etməlidir”, – deyə Ayaz Qocayev vurğulamışdır.

Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qalması faktına beynəlxalq təşkilatların, o cümlədən yaxın tərəfdaş olan YUNESKO-nun ədalətli mövqe nümayiş etdirməsinin vacibliyi diqqətə çatdırılmış və ölkəmizin beynəlxalq təşkilatlardan cəzasızlıqdan istifadə edən Ermənistanın mülki əhalimizə qarşı hərbi hücumlarını pisləyən qəti mövqe gözlədiyi bildirilmişdir. 

YUNESKO Baş direktorunun Prioritet Afrika və Xarici Əlaqələr üzrə müavini Firmin Edouard Matoko məlumatı Baş direktorun diqqətinə çatdıracağını bildirmişdir.

Arxiv üzrə axtarış