YUNESKO rəhbərliyi Ermənistanın mədəni irsimizə qarşı törətdiyi cinayətlər barədə məlumatlandırılıb
Cari ilin 22 oktyabr tarixində Azərbaycan Respublikasının YUNESKO yanında Daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev YUNESKO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone ilə görüşüb.
Görüşdə A. Qocayev Baş direktorun müavininə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi son aqressiya aktı haqda məlumat verib. O bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisi və infrastrukturlarının hədəfə alınması nəticəsində bu günə qədər, uşaq və qadınların da daxil olduğu bir çox sayda dinc əhali həyatını itirmiş, , bir çoxları yaralanmış, xeyli sayda mülki infrastrukturlara ciddi ziyan dəymişdir.
A.Qocayev, Ermənistan silahlı birləşmələri tərəfindən, eyni zamanda Azərbaycanın işğal olunmuş əraziləri və ondan kənarda yerləşən ərazilərimizi artilleriya atəşinə tutması nəticəsində, bu ərazilərdə mövcud olan Azərbaycanın maddi irsinə ciddi ziyan dəydiyini diqqətə çatdırıb. O, bu səpkidə Füzuli rayonunda yerləşən 13-cü əsrə aid Şeyx Babi türbəsini, 9-cu əsrə aid olan İmamzadə məscidi və 19-cu əsrə aid olan Aleksandr Nevskiy ortodoks kilsəsinin zədələnməsi, Gəncədəki tarixi binanın dağılması haqda məlumat verib. O, Ermənistan tərəfinin bu hərəkətinin beynəlxalq hüquqa, xüsusən də YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyası və onun iki Protokollarına zidd olduğunu diqqətə çatdırıb.
A.Qocayev, eyni zamanda Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinin dağıdılması mənimsənilməsi ilə bağlı E. Ottoneyə Azərbaycan tərəfinin narahatlığını çatdırıb. Buna misal kimi, o, Ağdam Cümə məscidinin dağıdılmış və baxımsız fotoşəkilərini, eləcə də son günlər Azərbaycan ordusu tərəfindən azad olunmuş Zəngilan rayonunda yerləşən məscidin pis vəziyyətə salınması ilə bağlı video görüntüləri qarşı tərəfə göstərərək, YUNESKO-nu erməni vandalizmini qınamağa çağırıb.
A.Qocayev həmçinin, Təşkilatın yanlış məlumatlandırılmasına istiqamətlənən Ermənistan tərəfindən yayılan saxta məlumatlara inanmamağa çağırıb.
Öz növbəsində, E.Ottone təqdim olunan məlumatlara görə təşəkkürünü bildirərək, YUNESKO tərəfindən hadisələrin yaxından izlənildiyini və öz mandatları çərçivəsində ehtiyac yaranarsa, mədəni irsin qorunmasında köməkliklərini göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.