2020-11-20

YUNESKO Baş direktoru: Mədəni irsin dağıdılması yolverilməzdir

Azərbaycan Respublikasının YUNESKO yanında Daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayevlə YUNESKO-nun Baş direktoru xanım Odre Azule arasında görüş keçirilib.

A.Qocayev bildirib ki, Ermənistanın Azərbaycana qarşı növbəti silahlı hücumu nəticəsində cari ilin sentyabr ayının 27-də ordumuz mülki əhalini və obyektləri qorumaq məqsədilə anti terror əməliyyatına başlayıb və qısa müddətdə Dağlıq Qarabağın bir hissəsini və onun ətrafında olan bir sıra rayonları işğalçı Ermənistan ordusundan təmizləyib. Noyabrın 10-da isə Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyanın Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında üçtərəfli bəyannamə izmalanıb. Atəşəksin elan edildiyi sənədə görə, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri tam olaraq cari ilin dekabr ayının 1-ə qədər boşaltmalı olduğu, məcburi köçkünlərin öz yerlərinə qaytarılacağı və digər məsələlər barədə Baş direktora məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan ordusunun azad etdiyi ərazilərə təşkil edilmiş Azərbaycanın müvafiq qurumlarının nümayəndələrindən ibarət missiyanın ilkin hesabatına görə, 30 ilə qədər davam edən erməni işğalı nəticəsində mədəni və tarixi abidələr, kilsələr, türbələr, tarixi binalar, muzeylər və s. tamamilə dağıdılmış, mədəni irs nümunələri, əl-yazmalar və artefaktlar talan edilərək Ermənistana daşınmışdır. Ermənilərin məscidlərimizin və inanc yerlərimizin qəsdən tövləyə çevriməsinin tək Azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının dini hisslərinə qarşı təxribat olduğu xüsusi vurğulanıb.

Təəssüflə qeyd edilib ki, Ermənistan tərəfi bununla kifayətlənməyərək, noyabrın 10-da imzalanmaş sənədə uyğun olaraq tərk etməli olduqları ərazilərdəki evləri, məktəbləri, meşələri yandırmağa, ağacları kəsməyə başlamış, kilsələri talan edərək içərisindəki tarixi-dini kitab-əlyazmaları, dini əşya və atributları Ermənistana daşıyırlar. Bütün bu qeyd edilənlərin isə Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması üzrə 1954-cü il Konvensiyasına və Mədəni dəyərlərin qeyri-qanuni mənimsənilməsinin qadağan edilməsinə dair 1970-ci il Konvensiyasına zidd olduğu Baş direktorun diqqətinə çatdırılıb.

Müharibədə məğlub olan Ermənistan tərəfinin indi başqa sahələrdə, xüsusən də guya ermənilərə məxsus kilsələrin dağıdılması barədə çirkin kampaniyaya başladığı barədə məlumat verilib. Bunun tamamilə yalan olduğu bildirilib və qeyd olunub ki, əksinə, Azərbaycan hökuməti, Heydər Əliyev Fondu tezliklə Azərbaycanın Ermənistan tərəfindən dağıdılmış mədəni irsinin bərpasına başlayacaqdır. Bura məscidlər, kilsələr və digər bütün mədəni irs abidələri daxildir. Azərbaycan tək öz ərazisində deyil, bütün dünyada mədəni irsin qorunması üçün əməli fəaliyyət göstərir. Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun Fransada, Vatikanda, İtaliyada, Almaniyada və digər ölkələrdə xristian məbədlərinin və abidələrinin bərpasına maliyyə dəstəyi verdiyi halda, öz ərazisində yerləşən və öz irsi olan mədəni və dini abidələri dağıtması barədə fikirlərin cəfəng olduğu və YUNESKO-nu çaşdırmaq üçün atılan siyasi addım olduğu vurğulanıb.

O.Azule ətraflı məlumat üçün təşəkkür edib, YUNESKO-nu siyasiləşdirmək cəhdlərinin qəti əleyhinə olduğunu və mədəni irs abidələrinin dağdılmasının yolverilməz olduğunu bildirib. Baş direktor Azərbaycanın mədəni irsinin bərpası üçün YUNESKO-nun dəstək verməyə hazır olduğunu qeyd edib.

Arxiv üzrə axtarış