2020-12-17

“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” nominasiyası YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil olmuşdur

16 dekabr 2020-ci il tarixində Azərbaycanın təqdim etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adlı nominasiya sənədinin YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunmuşdur.

Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi, Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur.

İclasda Azərbaycan nümayəndə heyəti adından çıxış edən Mədəniyyət Nazirliyinin rəsmisi Vasif Eyvazzadə qəbul olunmuş qərara görə ölkəmiz adından YUNESKO-ya və qurumun qiymətləndirmə orqanına öz təşəkkürünü bildirmiş, nar mədəniyyəti və ənənələrinin Azərbaycan xalqının mədəni həyatında, mifologiyasında, qədim adət-ənənələrində, mətbəxində, kənd təsərrüfatında xüsusi yer tutduğunu vurğulamışdır. Təşəkkür nitqində bu nominasiya faylının müvafiq siyahıya daxil edilməsi ilə "Nar mədəniyyəti"nin qorunmasına və gələcək nəsillərə ötürülməsinə əhəmiyyətli töhfənin verildiyi qeyd olunmuşdur.

Qeyd edək ki, 14-19 dekabr 2020-ci il tarixlərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası keçirilir.

Arxiv üzrə axtarış