2020-12-17

“Miniatür sənəti” YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilmişdir

14-19 dekabr 2020-ci il tarixlərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci sessiyası keçirilir.

Sessiya çərçivəsində 16 dekabr 2020-ci il tarixində Azərbaycan, İran, Türkiyə və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi müzakirə olunmuş və bu mədəni elementin YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul edilmişdir. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Mədəniyyət və Xarici İşlər Nazirlikləri, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur.

Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Çoxmillətli nominasiya sənədində göstərilir ki, miniatür sənəti təqdim edən dövlətlərin cəmiyyətlərinin sosial və mədəni kimliyinin ayrılmaz hissəsi kimi qəbul edilir. Hər miniatür əsəri tarixi və mədəni irsin mövcudluğuna kömək edir, keçmiş və bu gün arasındakı mədəni bağları gücləndirir və ənənəvi memarlıq, mərasimlər, mədəni hadisələr və gündəlik həyatın bir çox digər sahələrini əks etdirən zəngin vizual məzmunu ilə tarixi sənəd roluna malikdir.

Hər zaman olduğu kimi, bu dəfə də Ermənistan iclasdan bir neçə həftə öncə təxribat törətməyə cəhd etmiş, YUNESKO-ya göndərdikləri müvafiq etiraz müraciətlərində nominasiya sənədində Azərbaycanın Qarabağ ərazisində miniatür sənəti ilə bağlı məsələlərin qeyd edilməsinin guya yolverilməz olduğunu ifadə etmiş, Qarabağ miniatür sənətinin yalnız ermənilərə və xristian irsinə aid olduğunu iddia etmişdirlər. Azərbaycan tərəfindən beynəlxalq hüququn prinsiplərinə, 2003-cü il Konvensiyanın ruhuna və tarixi həqiqətlərə istinad olunaraq təxribatçı ölkəyə müvafiq cavab verilmişdir.

Arxiv üzrə axtarış