UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin sessiyasında Daimi Nümayəndəliyimiz Ermənistanın qurumu siyasiləşdirmək cəhdinə etirazını bildirib
01 fevral 2021-ci il tarixində UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyası başlamışdır. Sözügedən Komitənin sədr müavini olan ölkəmiz sessiyada Mədəniyyət Nazirliyinin və AR-in UNESCO yanında Daimi Nümayəndəliyin nümayəndələri ilə təmsil olunmuşdur.
Sessiya çərçivəsində kreativ sənayeyə dair 18 bənd üzrə müzakirələr aparılmış və onlara uyğun müvafiq qərarlar qəbul edilmişdir. Azərbaycan da bir neçə qərar layihələrinə əlavələr təklif vermiş və həmin dəyişikliklərlə sözügedən qərarlar yekdilliklə qəbul edilmişdir.
Sessiyanın gündəliyində duran məsələlərdən biri Tərəflərin öz ölkələrində Konvensiyanın həyata keçirilməsini əks etdirən dördillik periodik hesabatlar dinlənilən zaman, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayev söz götürərək bildirmişdir ki, Ermənistanın 2020-ci ildə təqdim etdiyi hesabatda Azərbaycanın Qarabağ regionuna istinad edilərək uydurma marionet rejiminin adının hallanması Ermənistan tərəfindən 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli sülh müqaviləsinə ziddir, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmağa habelə Azərbaycan xalqının hüquqlarını və qanuni mənafelərini təhdid etməyə cəhd göstərir.
UNESCO-nun siyasiləşdirilməsinin yolverilməz olduğunu bildirən səfir E.Abdullayev, bu regionun yalnız bir adı olduğunu, onun da Qarabağ adlandırıldığını və bütün beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını, 44 günlük müharibədən sonra Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının Qətnamələrini yerinə yetirdiyini və münaqişənin artıq olmadığını iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Daimi Nümayəndəliyin rəhbəri bildirmişdir ki, Azərbaycanın mədəniyyətinin incisi olan Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan olunmuşdur və gələcəkdə də bütöv regionun mədəniyyət paytaxtına çevrilə bilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən azad edilmiş torpaqlarımızda artıq quruculuq işlərinə başlandığını, yerli və xarici şirkətləri cəlb etməklə “ağıllı şəhərlər“ və “ağıllı kəndlər” qurmaq istiqamətində layihələrə start verildiyini söyləmişdir.
Daha sonra həm AR Mədəniyyət Nazirliyinin həm də Daimi Nümayəndəliyin əməkdaşları müxtəlif bəndlərin müzakirəsində aktiv iştirak etmiş, “Kreativ Azərbaycan” portalı, ResiliArt Hərəkatı, kreativ layihələr, kreativ sektorda vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının iştirakı kimi məsələlərə dair ölkəmizin mövqeyini təqdim etmişlər.
Beləliklə, 14-cü sessiya öz işini yekunlaşdırmış, 15-ci sessiyanın isə 2022-ci ilin 8-11 fevral tarixlərində keçirilməsi qərara alınmışdır.