2021-02-25

UNESCO-da Beynəlxalq Ana Dili Günü münasibətilə virtual tədbir keçirilib

21 fevral 2021-ci il tarixində Banqladeşin Fransadakı səfirliyinin təşəbbüsü, bu səfirliyin və UNESCO Katibliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü qeyd edilib.

COVID-19 pandemiyası səbəbindən virtual keçirilən tədbirdə Azərbaycan da daxil olmaqla, 28 ölkə iştirak edib. Əvvəlcə, Banqladeşin Fransadakı səfiri və UNESCO yanında daimi nümayəndəsi Kazi İmtiaz Hossain və UNESCO Baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini çıxış edərək, ana dili haqqında, təhsil və bu gün COVID-19 pandemiyasının təhsilə mənfi təsirlərindən söz açıblar. Sonra ölkələrin Beynəlxalq Ana Dili Günü münasibətilə hazırladıqları videolar yayımlanıb.

“Nizami Gəncəvi İli” çərçivəsində, Daimi nümayəndəliyimiz tərəfindən hazırlanan sərgi üçün posterdə Nizami Gəncəvinin «Xosrov və Şirin» poemasından bir parça əks olunub.

Tədbirin mədəni proqramında da İsveçrənin “Lancy” orkestrinin müşayiəti ilə Nadya Utkina Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sevgili canan” romansını ifa edib, İsveçrədə yaşayan həmyerlimiz Mariya Xan-Xoyskaya isə rəqs ifa edib.

Video-təqdimatda Daimi nümayəndəliyimizin diplomatı Nigar Qurbanova Azərbaycan dili, tarixi, etimologiyası və dilimizin inkişafı haqqında məlumat verib. Bu gün dünyada 50 milyondan çox insanın Azərbaycan dilində danışdığını bildirən N.Qurbanova, sivizilizasiyaların qovuşduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda dövlət dilinin Azərbaycan dili olmasına baxmayaraq, ölkədə yaşayan bütün etnik qrupların hüquq və azadlıqlarının tam qorunduğunu diqqətə çatdırıb. Daha sonra isə o, Nizami Gəncəvinin əsərindən bir parçanı Azərbaycan və ingilis dillərində səsləndirib.

Arxiv üzrə axtarış