2021-02-26

Fransada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycan Respublikasının Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

Anım tədbirində ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Loran Pultye dü Mesnil çıxış etmişdirlər.

Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Xocalıda törədilən soyqırımı haqqında ətraflı məlumat verilmiş, erməni silahlı qüvvələrinin bir gecədə 613 mülki şəxsi amansızcasına qətlə yetirdiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, bu il Xocalı soyqırımı qurbanlarının xatirəsi əvvəlki illərdən fərqli şəkildə anılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu erməni işğalına son qoyaraq tariximizdə yeni şanlı səhifə açdı və Vətən uğrunda canlarını fəda etmiş igid Azərbaycan oğullarının, eləcə də Xocalı soyqırımı qurbanlarının qanını yerdə qoymadı.

Çıxış edənlər erməni silahlı qüvvələrinin həmin qorxunc gecədə mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi amansızlıqlardan danışmışdırlar. Erməni millətçilərinin tərəfindən törədilən qırğınların gizlədilməsi məqsədilə xaricdəki erməni diasporunun üzvlərinin yaşadıqları ölkələrdə media nümayəndələrinə təhdid etdikləri və onlara təzyiq göstərdikləri qeyd olunmuşdur. Vurğulanmışdır ki, bütün maneələrə baxmayaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində beynəlxalq ictimaiyyət, o cümlədən bir çox ölkələrin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanımışdır.

Erməni millətçiləri Azərbaycan reallıqlarını gizlətməyə çalışsalar da, onların mülki əhalini amansızlıqla qətlə yetirməsi faktı Azərbaycan diplomatları və diasporunun üzvlər tərəfindən də beynəlxalq ictimaiyyətə çatdırılır.

Tədbirdə Azərbaycanın 44 günlük Vətən müharibədəki Zəfərindən də söz açılmış, Prezident İlham Əliyevin fevralın 26-da xarici jurnalistlər üçün keçirtdiyi mətbuat konfransında Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırdığı bildirilmişdir.

Sonra iştirakçılar Xocalı qətliamına həsr edilmiş fotosərgi ilə tanış olmuş, Mədəniyyət Mərkəzində Xocalı qurbanlarının xatirəsinə yaradılmış guşədə soyqırımını əks etdirən kitablar, broşürlər və DVD-lər tədbir iştirakçılarına paylanılmışdır.

Daha Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş konsert keçirilmiş, musiqiçi və müğənnilərin – Etibar Əsədli (piano), Ağarəhim Quliyev (fleyta), Səidə Zülfüqarova (piano), Alisso Zubritski (piano), Yoann Piazza (piano), Səddam Novruzbəyov (tütək, balaban) Viktoriya Kalevatyx-Mustafabəyli (mezzo-soprano), Timur Abdikeyev (bariton), Fabris di Falko (tenor) və Kandis Albardyenin (soprano) ifasında Azərbaycan, türk və Avropa klassik bəstəkarlarının musiqiləri ifa edilmişdir.

Arxiv üzrə axtarış