Qoşulmama Hərəkatının UNESCO yanında qrupunun növbəti plenar iclası keçirilmişdir
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanında qrupunun onlayn formatda növbəti plenar iclası keçirilmişdir.
İclasda UNESCO-nun Baş direktorunun Sosial və İnsan Elmləri üzrə müavini Qabriela Ramos, eləcə də qurum yanındakı daimi nümayəndəliklərin rəhbərləri iştirak etmişdirlər.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev tədbiri açaraq iclasın gündəliyini təqdim etmişdir.
Gündəlik qəbul edildikdən sonra UNESCO-nun Baş direktorunun müavini Qabriela Ramos Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini bildirmiş və bununla bağlı öz təbriklərini çatdırmışdır. O, Qoşulmama Hərəkatının beynəlxalq siyasətdəki mühüm rolundan söz açmışdır.
Post-pandemiya dövründə dünyanı daha yaxşı bərpa etmək üçün mədəniyyətlərarası dialoqun təşviqinin vacibliyinə toxunan Qabriela Ramos mövzu ilə bağlı fikirlərini bölüşmüş, xalqlar arasında qeyri-səmimi münasibətlərin hökm sürdüyü dünyada COVID-19 pandemiyası səbəbindən ayrı-seçkilik hallarının daha da kəskinləşdiyini bildirmişdir.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə fəaliyyəti ilə bağlı hesabatı təqdim etmiş, həyata keçirilmiş işlər barədə məlumat vermişdir.
Daimi nümayəndə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirdiyi Zirvə görüşündən söz açmışdır.
“Azərbaycan Prezidenti İlham Əliyev COVID-19 əleyhinə peyvəndlərin qlobal miqyasda ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi faktına diqqət çəkərək, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bu məsələyə laqeyd qalmayacağını bildirib”, – deyə E.Abdullayev vurğulamışdır. O, diqqətə çatdırmışdır ki, Cenevrədə İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində ölkəmiz tərəfindən qətnamə layihəsi irəli sürülmüşdür. Azərbaycanın layihəsinin Ekvador tərəfindən irəli sürülmüş layihə ilə oxşar olduğundan, iki layihə birləşdirilərək İnsan Hüquqları Şurasının katibliyinə təqdim edilmiş və qəbul olunmuşdur.
Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq Prinsipləri üzərində qurduğunu, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq Prinsiplərinin Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşdüyünü bildirmişdir.
Ölkəmizin müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, təhsil, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı sahələrində həyata keçirdiyi layihələr haqqında məlumat verilmiş, Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə təqaüdlər təklif etdiyi diqqətə çatdırılmışdır. Bundan əlavə, ölkəmizin sədrliyi ilə keçirilmiş onlayn görüşlər, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə dünya ölkələrinin səfərbər olması, BMT Baş Assambleyasının bununla bağlı xüsusi sessiyasının çağırılması məsələləri müzakirə edilmişdir.
E.Abdullayev UNESCO İcraiyyə Şurasının apreldə keçiriləcək 211-ci sessiyasında təqdim ediləcək Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun üzvləri ilə razılaşdırılmış birgə bəyanat haqqında da məlumat vermiş, QH-nın beynəlxalq sülh və təhlükəsizliyin Bandunq Prinsiplərinə uyğun olaraq möhkəmləndirilməsində əsas rol oynadığını, Hərəkatın daim sülh mədəniyyətinin təşviqinə dair çağırışlar etdiyini söyləmişdir.
Sonda isə 24 aprel – Qoşulmama Hərəkatı (Multilateralizm) Gününün qeyd edilməsinə dair fikir mübadiləsi aparılmışdır.
Plenar iclas müzakirələrlə davam etmiş və uğurla öz işini yekunlaşdırmışdır.