Qoşulmama Hərəkatı Günü qeyd edilib
Azərbaycanın sədrlik etdiyi UNESCO yanında Qoşulmama Hərəkatı qrupu ilk dəfə olaraq Qoşulmama Hərəkatı Gününü qeyd edib.
24 aprel – Multilateralizm və Sülh Diplomatiyası Beynəlxalq Günü 2018-ci ildə BMT Baş Assambleyasının Qətnaməsi vasitəsilə təsdiqlənib, və Qoşulmama Hərəkatının (QH) UNESCO qrupu da 2019-cu ildə məhz həmin günün Qoşulmama Hərəkatı Günü kimi də qeyd edilməsi haqqında qərar qəbul edib.
Bu il ilk dəfə UNESCO yanında Daimi Nümayəndəliyimiz tərəfindən təşkil olunan QH gününə həsr olunmuş tədbirdə səfir Elman Abdullayev, UNESCO Baş direktorunun, eləcə də UNESCO yanında Afrika qrupunun sədri Namibiyanın Daimi Nümayəndəsinin nümayəndələri çıxış ediblər.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində ölkəmizin həyata keçirdiyi fəaliyyətdən söz açaraq, Bandunq prinsiplərinə uyğun olaraq, QH-nın beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynadığını diqqətə çatdırıb. O, bildirib ki, bu prinsiplər BMT xartiyasının və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin əsas dayağıdır. QH yarandığı gündən multilateralizm və beynəlxalq əməkdaşlıq dəyərlərinin qorunub saxlanması və möhkəmləndirilməsinə səy göstərir.
Səfir Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 pandemiyasına qarşı birgə mübarizə məqsədilə xüsusi sessiya çağırmasından, pandemiya ilə mübarizədə ölkəmizin töhfələrindən söz açıb, üzv dövlətlər arasında multilateralizmin və inklüziv əməkdaşlığın UNESCO-nun prioritetlərinin reallaşdırılmasında əsas amillərdən olduğunu, tolerantlığı, mədəni müxtəlifliyə hörməti, sivilizasiyalar arasında anlaşmanı təşviq etməkdə qətiyyətli olduğumuzu, plüralizm, tolerantlıq, dialoq, eləcə də dini və mədəni müxtəlifliklər arasında anlaşmanın sülh və harmoniya üçün vacib olduğunu qeyd edib.
Bundan əlavə bildirilib ki, mədəniyyətlərarası dialoq və multikulturalizm ölkəmizin siyasi prioritetidir və onların qətiyyətli müdafiəçisi kimi Azərbaycan bu sahədəki zəngin təcrübəsini dünyanın digər ölkələri ilə bölüşməyə hazırdır.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş Bakı Prosesi bu gün mədəniyyətlərarası dialoqun təşviqi sahəsində beynəlxalq platformaya çevrilib. Bu proses çərçivəsində Azərbaycan hər iki ildən bir BMT və digər beynəlxalq qurumlar kimi UNESCO-nun da əsas tərəfdaşı olduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu keçirir.
Səfir Bakı Prosesinin məqsədləri haqqında məlumat verərək, Luanda Biennalesini Bakı Prosesi ilə əlaqələndirərək, onlar arasında sinerji yaradılmasının vacibliyinə toxunub, sülh, tolerantlıq, birgə yaşayış, insan hüquqlarına hörmət, mədəni kimlik və müxtəlifliyin təşviqi üçün vacib vasitə olan bu sinerjinin sivilizasiyalar, sülh mədəniyyəti arasında daha güclü dialoq yarada biləcəyini qeyd edib.
Azərbaycanın UNESCO-nun Afrika Prioriteti, gender bərabərliyi, qadın və qızların təhsili ilə bağlı siyasətini dəstəklədiyi, Azərbaycan – UNESCO Etimad Fondu vasitəsilə ölkəmizin müxtəlif sahələrdə, xüsusilə də Afrikada qızların təhsili, gender bərabərliyi və təhsildə bərabərlik sahələrində bir sıra layihələri maliyyələşdirdiyi qeyd edilib.
UNESCO Baş direktorunun Prioritet Afrika və Xarici Əlaqələr üzrə müavinin nümayəndəsi Bobir Tuxtabayev də çıxışında pandemiya dövründə UNESCO-nun gördüyü işlər barədə geniş məlumat verib, COVID-19 cavab olaraq UNESCO-nun başladıtdığı Qlobal Təhsil Koalisiyası vasitəsilə Afrikanın 30 ölkəsinə dəstək verildiyini diqqətə çatdırıb, mədəniyyətlərarası dialoq, pandemiyadan sonra inklüziv və daha ədalətli dünya qurmaq istiqamətində görülən səylərdən danışıb.
Sonra UNESCO-da Afrika qrupunun sədri Namibiya səfirinin nümayəndəsi İmmolatriks Linda Oneugbu çıxış edərək, inkişaf etməkdə olan ölkələrin birliyini təşviq etməkdə QH-nin vacib rolundan, UNESCO-nun Afrika prioritetindən, uğurlu əməkdaşlıq üçün təhsilin mühüm faktor olmasından və Hərəkatın habelə onun sədrinin Afrikaya yüksək önəm verdiyindən söz açıb.
Çıxışların sonunda Azərbaycanın istedadlı pianoçusu Etibar Əsədlinin ifasında caz konserti təqdim olunub.
Tədbirin videosu ilə https://www.youtube.com/watch?v=jZ8gnd4bRok keçidi vasitəsilə tanış olmaq mümkündür.