UNESCO-da 1970-ci il Konvensiyasına üzv dövlətlərin 6-cı iclasında Qoşulmama Hərəkatının bəyanatı səsləndirilib
Qoşulmama Hərəkatına üzv ölkələr mədəni sərvətlərin qorunması üçün milli, regional və beynəlxalq təşəbbüslərin, eləcə də UNESCO-nun və onun 1970-ci il Konvensiyasının işinin vacibliyini vurğulayaraq, mədəni sərvətlərin ticarəti ilə mübarizə aparmaq üçün beynəlxalq hüquq-mühafizə əməkdaşlığının inkişafının, xüsusilə daha səmərəli şəkildə fəaliyyət göstərmək üçün məlumat və təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırır.
Bu fikirləri Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev 1970-ci il Konvensiyasına üzv dövlətlərin 6-cı görüşündə ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun adından Təşkilatın bəyanatını səsləndirərkən ifadə etmişdir.
E.Abdullayev bildirmişdir ki, Qoşulmama Hərəkatına üzv ölkələr mədəni irsin qorunub saxlanmasına zidd olan mədəni sərvətlərin qanunsuz dövriyyəsindən narahatlıqlarını ifadə edir. Bu kontekstdən çıxış edərək, Qoşulmama Hərəkatının üzv dövlətləri müvafiq beynəlxalq müqavilələr, xüsusilə də 1970-ci il Konvensiyası və oğurlanmış və ya qanunsuz ixrac edilmiş mədəni sərvətlərə dair 1995-ci il UNIDROIT Konvensiyasının səmərəli şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayır.
Daimi nümayəndə problemin ciddiliyi ilə bağlı ictimaiyyəti maarifləndirmək, mədəni sərvətlərin qanunsuz dövriyyəsi ilə mübarizədə bütün maraqlı tərəflərin bir araya gətirilməsi və üzv dövlətlərin bu qlobal problemin həlli üçün davamlı tədbirlər görməsi baxımından UNESCO-nun rolunu xüsusi qeyd etmişdir.
1970-ci il Konvensiyasının preambulasında göstərildiyi kimi, mədəni irsin qorunmasının yalnız milli və beynəlxalq səviyyədə sıx əməkdaşlıq şəraitində işləyən dövlətlər arasında təşkil edildiyi təqdirdə səmərəli ola biləcəyini nəzərə alaraq, Qoşulmama Hərəkatına üzv dövlətlər UNESCO-nun bütün üzvlərini mədəni mülkiyyətin qaytarılması ilə əlaqəli bütün məsələlərdə vicdanlı dialoqa dəvət edir. Bu mövzuda Hərəkat mədəni mülkiyyətin mənşə ölkələrinə qaytarılmasını və ya qanunsuz mənimsənilməsi halında geri qaytarılmasını təşviq edən Hökumətlərarası Komitənin (ICPRCP) oynaya biləcəyi potensial rolu xüsusi qeyd edir.
“Yuxarıda bildirilənləri nəzərə alaraq, Qoşulmama Hərəkatı UNESCO-nu müvafiq standart mexanizmlərin tətbiqinin təmin edilməsində və qlobal dialoq üçün platformaların yaradılmasında səylərini artırmağa çağırır”, – deyə səfir E. Abdullayev qeyd etmişdir.
Beləliklə, 1970-ci il Konvensiyasına üzv dövlətlərin 6-cı iclasının Sədri vurğulamışdır ki, Azərbaycanın daimi nümayəndəsinin mesajı aydındır və bu bəyanat iclasın yekun hesabatına daxil ediləcəkdir.