UNESCO-da “Afrika Həftəsi” çərçivəsində Azərbaycanın töhfələrindən danışılıb
Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin tarixi var. Hələ ötən əsrin 60-cı illərindən Azərbaycan Afrikanın müxtəlif ölkələrindən olan minlərlə gəncə Bakı universitetlərində təhsil almağa imkan yaradıb və həmin gənclər ölkələrinə qayıdaraq, dövlətlərinə xidmət ediblər. Azərbaycanın müxtəlif universitetlərində on minlərlə afrikalı tələbə təhsil alıb.
Həmçinin 2014-cü ildə yaradılmış UNESCO/Azərbaycan Etimad Fondu Afrikanın Kenya, Uqanda, Tanzaniya, Liberiya kimi bir çox ölkələrində qızların təhsili, gender bərabərliyi, təhsildə bərabərlik kimi müxtəlif layihələrin maliyyələşməsində yaxından iştirak edib.
Bu fikirləri Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev “Okeanlar, sülh və dayanıqlı inkişaf” mövzusuna həsr edilmiş “Afrika Həftəsi” çərçivəsindəki müraciətində qeyd etmişdir. O bildirmişdir ki, Azərbaycan Afrika ölkələrində qızların və qadınların təhsilə əlçatarlığı layihələrində iştirak edərək, gənc qızlar və qadınların həyat keyfiyyətlərini və rifahının yüksəldilməsində yerli hökumətlərin səylərinə töhfə vermişdir. Cəmiyyətin imkansız qrupları, xüsusilə də gənc qız və qadınların təhsilə çıxışını asanlaşdırmaq, təhsilin keyfiyyətini yaxşılaşdırmaq və təhsil imkanlarını artırmaq istiqamətində strategiyalar hazırlanmasında yaxından iştirak etmişdir.
Daimi nümayəndə Azərbaycanın bəşəriyyət üçün çox kritik bir dövrdə Qoşulmama Hərəkatına (QH) sədrliyi öz üzərinə götürdüyünü qeyd edərək, COVID-19 pandemiyasının yaratdığı qlobal fövqəladə vəziyyətin razılaşdırılmış və səmərəli cavablar tələb etdiyini demişdir.
Diqqətə çatdırmışdır ki, pandemiyanın presedentsiz ümumdünya təsirinin aradan qaldırılması istiqamətində qlobal səylərə töhfə vermək məqsədilə Azərbaycan qlobal ailənin fəal üzvü olaraq, Ümumdünya Səhiyyə Təşkilatının “COVID-19 müraciəti”nə könüllü maliyyə yardımı etmişdir.
Bundan əlavə qeyd edilmişdir ki, Qoşulmama Hərəkatının üzv dövlətlərinə pandemiya ilə bağlı adekvat, operativ və əhatəli yardım göstərməyin mümkün yollarını tapmaq üçün Azərbaycan BMT Baş Assambleyasının xüsusi iclasını, eləcə də Qoşulmama Hərəkatı səviyyəsində onlayn Zirvə toplantısını çağırmışdır.
COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Kontakt Qrupunun yaradılması və 2020-ci il mayın 4-də Zirvə görüşünün keçirilməsi, habelə Sammitin qərarı əsasında üzv ölkələrin tibbi və humanitar ehtiyaclarına dair məlumat bazasının yaradılması və təşkilatın təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunan xüsusi sessiyasının keçirilməsi qlobal təhdidlərin cavablandırılması üçün çoxtərəfliliyin gücləndirilməsinə Qoşulmama Hərəkatının dəyərli töhfəsi kimi qeyd edilmişdir.
Azərbaycanın təşəbbüsü ilə keçirilən iclasların nəticəsində koronavirusa qarşı mübarizə üzrə işçi qrupu QH üzv dövlətlərinə pandemiyaya qarşı mübarizədə humanitar və tibbi ehtiyaclar haqqında məlumat bazası hazırladı. Sözügedən məlumat bazası ÜST-ün QH-na aidiyyətli ölkələrlə bağlı istinad nöqtəsinə çevrilmişdir. Bununla yanaşı, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu, həmçinin bütün beynəlxalq təşkilatları və aidiyyəti tərəfləri peyvəndlərin istehsalı, paylanması və ədalətli şəkildə qiymətləndirilməsində şəffaflığı təmin etməyə çağırmışdır.
Qoşulmama Hərəkatı UNESCO-nun fəaliyyətini dəstəkləmək üçün səylərini əsirgəmir. Qoşulmama Hərəkatının 2019-cu il Dövlət və Hökumət Başçılarının Yekun Bəyənnaməsində Afrika dövlətlərinin üzləşdiyi və həll edilməmiş məsələlərə, gender bərabərliyi, təhsil, eləcə də UNESCO-nun mandatının bəzi əsas sahələrinə yönəlmiş məsələlərə dair 100-dən çox maddə həsr edilmişdir.
“İnsanların rifahının yaxşılaşdırılmasına yönəlmiş birgə səylərimizin daha güclü, aydın, təsirli və daha yaxşı eşidilməsini hədəfləyən təşəbbüslərin tərəfdarıyıq. Gücümüz həmrəyliyimiz və birliyimizdədir”, - deyə E. Abdullayev bildirmişdir.
Azərbaycan və Afrika arasında mədəniyyətlərarası dialoqun təşviqi sahəsindəki əlaqələrə toxunan daimi nümayəndə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə qəbul edilmiş “Bakı Prosesi”nin fərqli qitələrdə yaşayan, müxtəlif etnik, mədəni, dini və dil mənşəyi və irsi olan fərdlər və qruplar arasında qarşılıqlı anlaşma və hörmət əsasında açıq fikir mübadiləsini əhatə etdiyini vurğulamışdır.
Afrikada sülh mədəniyyətinə həsr olunmuş Biennalenin ideya və məqsədlərinə toxunan səfir “Bakı Prosesi” və Luanda Biennalesi arasında səciyyəvi sinerji yaratmağın vacibliyindən söz açmışdır. Sülh, tolerantlıq, birgə yaşayışı, insan hüquqlarına hörməti və xalqların kimliyini və mədəni müxtəlifliyini təşviq etmək üçün vasitə olan bu sinerji sivilizasiyalar, sülh mədəniyyəti və dinlərarası əməkdaşlıq sahələrində güclü dialoq yaradacağını diqqətə çatdırmışdır.
“Davamlı inkişaf sülhün qorunması, eləcə də sülh davamlı inkişaf üçün əsasdır. Kimsəni geridə qoymadan hər kəs üçün davamlı sülhün, firavanlığın və sabitliyin təmin olunması hamımızın əsas hədəfimiz və məsuliyyətimizdir. Ölkəm daim bütün dünyada barışı gücləndirməyə və hamı üçün davamlı inkişaf təmin etməyə çalışır”, - deyə səfir E.Abdullayev çıxışını bitirmişdir.
Səfirin çıxışı zamanı Azərbaycan, onun görməli məkanları və ölkəmizin Afrika ölkələrinə verdiyi töhfələri əks etdirən video bir çox ölkələrin televiziya kanalları vasitəsilə yayımlanmışdır.
Qeyd edək ki, 24-29 may 2021-ci il tarixlərində Qabon Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı habelə bir sıra ölkələrin, o cümlədən Azərbaycanın dəstəyi ilə virtual formatda baş tutan “Afrika Həftəsi”nin birinci fazasında UNESCO Baş direktoru Odri Azuley, qurumun 40-cı Baş Konfransının prezidenti Altay Cengizer, İcraiyyə Şurasının prezidenti Agapito Mba Mokuy, UNESCO-da Afrika qrupunun sədri, Namibiyanın daimi nümayəndəsi Albertus Aochamub, Təşkilatın İcraiyyə Şurasında Afrika qrupunun sədr müavini, Efiopiyanın daimi nümayəndəsi Henok Teferra iştirak etmişdilər.
İkinci faza isə cari ilin noyabr ayında UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində «Sənət, Mədəniyyət, İrs: İstədiyimiz Afrikanı qurmaq üçün yol» mövzusu altında keçirilməsi nəzərdə tutulur.
Beləliklə, bu ilk mərhələ okean elmləri, texnologiyaları və yenilikləri sahəsindəki mütəxəssislərin fikirlərini eşitmək, mövcud Afrika təşəbbüslərini qiymətləndirmək məqsədilə yenilənmiş fikir mübadiləsi aparmaq, cari fəaliyyətlər və davamlı inkişafın təmin edilməsi istiqamətində yeni perspektivləri inkişaf etdirmək üçün real fürsət yaratmışdır.