2021-06-08

Azərbaycanın nümayəndə heyəti UNESCO-nun 2005-ci il Konvensiyasının Tərəflərinin Konfransının 8-ci sessiyasında iştirak etmişdir

UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyasının Tərəflərinin Konfransının 8-ci sessiyası 1-4 iyun 2021-ci il tarixlərində ilk dəfə olaraq virtual formatda baş tutmuşdur.

Sözügedən Sessiyada ölkəmiz Mədəniyyət Nazirliyinin və AR-in UNESCO yanında Daimi Nümayəndəliyin nümayəndələri ilə təmsil olunmuşdur.

Sessiya çərçivəsində kreativ sənayeyə dair 14 bənd üzrə müzakirələr aparılmış və onlara uyğun müvafiq qərarlar qəbul edilmişdir.

Sessiyanın açılış günündə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanında qrupunun bəyanatı səsləndirilmişdir.

Bəyanat UNESCO-dakı Daimi Nümayəndəliyimizin diplomatı Nigar Qurbanova tərəfindən təqdim edilmişdir. Bildirilmişdir ki, Qoşulmama Hərəkatı ölkələri UNESCO tərəfindən beynəlxalq ictimaiyyətə böyük töhfə olan Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi Konvensiyasının vacibliyini təsdiqləyir.

QH-na üzv dövlətlər UNESCO-nun Baş Konfransının 2001-ci il noyabrın 2-də keçirilmiş 31-ci iclasında qəbul edilmiş Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsində və Fəaliyyət Planında yer alan müddəaların yerinə yetirilməsinə sadiqliklərini ifadə edirlər. Üzv dövlətlər Mədəni Müxtəliflik naminə həyata keçirilmiş fəaliyyətlərin sinerjisini artırmaq məqsədilə UNESCO-nun Ümumdünya Bəyannaməsi və Fəaliyyət Planında təsbit olunmuş prinsiplərin təbliğində Birləşmiş Millətlər Sistemini UNESCO ilə əməkdaşlıq etməyə dəvət edirlər.

2005-ci il Konvensiyasının preambulasında göstərildiyi kimi “Mədəni özünüifadəni inkişaf etdirən, eləcə də yeniləyən və bütövlükdə cəmiyyətin inkişafı naminə mədəniyyətin inkişafında iştirak edənlərin rolunu artıran mədəni qarşılıqlı fəaliyyət və yaradıcılığın əsas rolu”nu vurğulayan N.Qurbanova bildirmişdir ki, Qoşulmama Hərəkatı UNESCO-nun bütün üzvlərini nəsildən-nəslə keçə bilən və sülh, tolerantlıq, birgəyaşayış, insan hüquqlarına hörmət vasitəsi kimi dövlətlərin mədəni özünüifadəsinin etibarlılığının təmin edilməsi və xalqların kimliyi və mədəni müxtəlifliyinin təşviqi üçün dialoqa dəvət edir.

Vurğulanmışdır ki, QH üzvləri UNESCO Katibliyinin Beynəlxalq Mədəni Müxtəliflik Fondunun səmərəli icrasını təmin etməyə, 2005-ci il Konvensiyasının və incəsənət nümayəndələrinin statusuna dair 1980-ci il Tövsiyəsinin icrası və monitorinqində sinerjini gücləndirməyə, mədəniyyət sahəsində fəaliyyətləri inkişaf etdirməyə, münaqişədən sonrakı yenidənqurma və barış proseslərinin əsas elementləri olaraq yaradıcılığı və mədəni həyatın canlandırılmasını, rəqəmsal mühitdə mədəni özünüifadə müxtəlifliyini təşviq etmək üçün milli yol xəritələrinin statusunu, eləcə də mədəniyyət sahəsində gender bərabərliyini inkişaf etdirməyə, xüsusən inkişaf etməkdə olan kiçik ada dövlətlərində potensial yaradıcılıq və bilik-bacarıqların bölüşdürülməsi imkanlarını artırmağa yönəlmiş fəaliyyətləri təqdir edir.

BMT Baş Assambleyasında elan edilmiş “Davamlı inkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat İli” çərçivəsində Qoşulmama Hərəkatına üzv dövlətlər ədalətli əməkhaqqı, sosial təhlükəsizlik və iqtisadi müdafiə sistemləri, eləcə də rəqəmsallaşdırmanın faydalarının ədalətli bölüşdürülməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasının vacibliyini vurğulayıblar. Beynəlxalq İlin yaradıcı ekosisteminin dayanıqlığı və davamlılığının inkişafı üçün zəmin yaratdığı diqqətə çatdırılmışdır.

“Bu kontekstdə QH üzvləri Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitənin mühüm rol oynadığını vurğulayır”, – deyə bəyanatın sonunda bildirilmişdir.

Bundan əlavə, açılış günündə çıxış edərək, AR-in Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov bildirmişdir ki, Azərbaycan 2010-cu ildən                           UNESCO-nun Mədəni Özünüifadə və Müxtəlifliyin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyasına qoşulub. Həmin ildən etibarən ölkədə mədəniyyət sahəsində bütün hüquqi və mədəniyyət siyasəti sənədlərində bu Konvensiyanın müddəalarının tətbiq edilməsi təmin edilir. Müxtəlif proqramlar və “Bakı Prosesi” kimi qlobal təşəbbüslər sayəsində bu sahədə uğurlar əldə edilib.

Bununla yanaşı bildirilmişdir ki, yaradıcı sənayenin inkişafı ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi sahəsində strateji istiqamətlərdəndir. Prezident İlham Əliyevin 2021-ci ilin fevralında imzaladığı müvafiq Sərəncamı ilə yaradıcı sənayelər Azərbaycanın Strateji Prioritetləri çərçivəsində hazırlanan 2025-ci il Strateji Yol Xəritəsinə daxil edilib. Ölkə əhalisinin yaradıcı sənayelər haqqında məlumatlılığını artırmaq, eləcə də yerli istehsalın, yaradıcı məhsulların və xidmətlərin yayılması və ixracının təşviqi məqsədilə 2019-cu ildə “Kreativ Azərbaycan” adlı xüsusi portal yaradılıb.

“Bizim üçün son bir il böyük dəyişikliklər ilə yadda qalıb. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, işğala son qoyulub. Nəhayət, inamla deyə bilərik ki, 2005-ci il Konvensiyası ölkəmizin bütün ərazisində həyata keçiriləcək. İşğal illərində bütün şəhər və kəndlərimizin tamamilə yerlə-yeksan edilməsinə baxmayaraq, ruhdan düşməmişik. Onlara yeni həyat verərək canlandıracağıq. Azərbaycan bu yerlərə yenidən qayıtmaq, həyat gətirmək və mədəni həyatı dirçəltmək üçün əlindən gələni edir”, – deyə R.Abbəkirov söyləmişdir.

Daha sonra Daimi Nümayəndəlik tərəfindən müxtəlif bəndlərin müzakirəsində aktiv iştirak edilmiş, “Kreativ Azərbaycan” portalı, ResiliArt Hərəkatı, kreativ layihələr, Katibliyin 2019-2021-ci illərdəki fəaliyyətində Azərbaycanın iştirakı kimi məsələlərə dair ölkəmizin mövqeyini təqdim edilmişdir.

Sessiyanın sonuncu günündə Konvensiyasının Hökumətlərarası Komitəsinin 2021-ci ildə mandatı bitən ölkələrin yerinə yeni üzvlər seçilmişdir – Norveç, Fransa, Gürcüstan, Serbiya, Kuba, Yamayka, Banqladeş, Vyetnam, Burundi, Madaqaskar, BƏƏ və Fələstin. 

Azərbaycan 2023-cü ilədək Hökumətlərarası Komitənin üzvüdür.

Arxiv üzrə axtarış