2021-09-13

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun plenar iclası keçirilib

10 sentyabr 2021-ci il tarixində Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun növbəti plenar iclası keçirilib.

Ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin sədrliyi ilə keçirilən plenar iclasda UNESCO İcraiyyə Şurasının prezidenti Aqapito Mba Mokuy, UNESCO Baş direktorunun Kommunikasiya və İnformasiya üzrə müavini Tavfik Celasi, eləcə də quruma üzv və müşahidəçi qismində qoşulan ölkələrin UNESCO yanında Daimi Nümayəndəliklərinin rəhbərləri, diplomatları iştirak ediblər.

Əvvəlcə plenar iclasın gündəliyi səsə qoyularaq qəbul olunub. UNESCO-da yeni akkreditə olunmuş səfirlər təbrik edilib.

İclası giriş sözü ilə açan səfir Elman Abdullayev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə bəşəriyyət üçün çox kritik bir vaxtda başladı. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatı COVID-19 pandemiyası ilə bağlı narahatlığını ifadə edərək, üzləşilən çətinliklərlə mübarizə aparmaq üçün mühüm çağırışlar etdi. Yeni vəziyyətə çevik və adekvat reaksiya verərək, pandemiyanın ümumbəşəri təsirlərini aradan qaldırmaq və üzv ölkələrə tez yardım göstərməyin yollarını tapmaq istiqamətində Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) böyük töhfələr verdi, bu istiqamətdə mühüm təşəbbüslər irəli sürüldü. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində qurumun Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüsü həyata keçirdi. Zirvə görüşünün nəticəsi olaraq, Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əks etdirən məlumat bazası yaradıldı. ÜST bu gün də həmin məlumat bazasına istinad edərək, üzv ölkələrin mövcud ehtiyaclarını müəyyənləşdirir.

Vurğulanıb ki, Hərəkata sədrliyi çərçivəsində Azərbaycan bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə yekdilliklə qəbul edilib. Qoşulmama Hərəkatı pandemiya ilə bağlı məsələləri yaxından izləyir. Pandemiyadan sonrakı dövr haqqında düşünməyin vacibliyi qeyd olunub.

İcraiyyə Şurasının prezidenti Aqapito Mba Mokuy “UNESCO-da Qoşulmama Hərəkatı COVID-19 pandemiyasından sonrakı dövrdə” adlı məruzə ilə çıxış edib. Beynəlxalq institutlarda və konfranslarda Hərəkata üzv dövlətlərin öz maraqlarını müdafiə etmək üçün bir yumruq halında birləşməsinin vacibliyini diqqətə çatdırıb. Multilateralizmin vacibliyinə toxunaraq, bugünkü beynəlxalq çağırışlara cavab vermək üçün onun ən səmərəli vasitə olduğunu vurğulayıb.

UNESCO Baş direktorunun Kommunikasiya və İnformasiya üzrə müavini Tavfik Celasi “Davamlı inkişaf üçün kommunikasiya və informasiyadan istifadə” adlı təqdimatında pandemiya dövründə dezinformasiya və nifrət nitqlərinin artması problemlərindən söz açıb. Bu problemlərin aradan qaldırılması üçün media və məlumat savadlılığının təmin edilməsinin əhəmiyyətinə toxunub. Qoşulmama Hərəkatına üzv dövlətlərin bəzisində media və informasiya savadlılığı ilə əlaqədar milli səviyyədə atılan addımları alqışlayıb. UNESCO-nun media və informasiya savadlılığına dair hazırladığı tədris proqramından danışaraq, onun üzv dövlətlərdə tədris proqramına uyğunlaşdırılması və sınaqdan keçirilməsinin təşviq edilməsinə çağırıb. Oktyabrda Cənubi Afrikanın ev sahibliyi edəcəyi “Qlobal Media və İnformasiya Savadlılığı Həftəsi”nin keçiriləcəyini bildirib. Çıxışlardan sonra sual-cavab sessiyası təşkil olunub.

Sonra Qoşulmama Hərəkatına Azərbaycan sədrliyinin qlobal fəaliyyəti, eləcə də Hərəkatın UNESCO qrupunun fəaliyyəti haqqında məlumat verilib. UNESCO orqanlarına Qoşulmama Hərəkatına üzv dövlətlərin namizədliklərindən söz açılıb. İclas müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.

Arxiv üzrə axtarış