2021-09-16

Azərbaycanın sədrliyi çərçivəsində UNESCO Şərqi Avropa ölkələri seçki qrupunun iclası keçirilib

UNESCO-nun mənzil-qərargahında qurumun Azərbaycanın sədrlik etdiyi Şərqi Avropa ölkələrindən ibarət seçki qrupunun iclası keçirilib.

İclası UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev açaraq gündəliyini təqdim edib.

Gündəlik qəbul edildikdən sonra UNESCO Baş direktorunun Kommunikasiya və İnformasiya üzrə müavini Tavfik Celasi, “Coğrafi bölgü” üzrə İcraiyyə Şurasının Açıq İşçi Qrupunun sədri, Çin Xalq Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Yanq Jin və UNESCO-nun Sosial və İnsan Elmləri sektorunun icra aparatının rəhbəri Mariaqrasiya Skuçiarini çıxış ediblər.

Davamlı inkişaf üçün kommunikasiya və informasiyadan istifadənin əhəmiyyətinə toxunan UNESCO Baş direktorunun Kommunikasiya və İnformasiya üzrə müavini Tavfik Celasi sürətli rəqəmsal transformasiya, COVID-19 böhranı, eləcə də üzləşilən çağırışlar qarşısında ideyaların sərbəst axınının təşviqindən, koronavirus pandemiyasından sonra “daha yaxşı gələcək qurmaq” üçün qlobal səylərin tərkib hissəsi kimi gələcəyə istiqamətlənən vahid yanaşmanın qəbul edilməsindən, Davamlı İnkişaf – 2030 gündəliyinin reallaşması üçün kommunikasiya və informasiyadan istifadə edərək, ictimai mənfəət kimi informasiya inkişafından həyata keçirilməsindən söz açıb.

Çoxdilliliyin və dil müxtəlifliyinin təşviqi, dünya dilləri xəritəsinin istifadəyə verilməsi, beynəlxalq yerli dillər onilliyinə (2022-2032) hazırlıq, davamlı inkişaf üçün innovasiya və texnologiyanın təşviqi kimi məsələlərə toxunub və Şərqi Avropa qrupu ölkələrində həyata keçirilən müvafiq layihələr haqqında danışıb.

Pandemiya dövründə dezinformasiya və nifrət nitqlərinin artması problemlərindən söz açan Baş direktorun müavini, bu problemlərin aradan qaldırılması üçün media və məlumat savadlılığının təmin edilməsinin əhəmiyyətinə toxunub.

“Coğrafi bölgü” üzrə İcraiyyə Şurasının Açıq İşçi Qrupunun sədri, Çinin UNESCO yanında daimi nümayəndəsi, səfir Yanq Jin qurumun katibliyinin işçilərinin vətəndaşlığına dair coğrafi bölgü məsələsinə toxunaraq, onun 60 il əvvəl qurumun idarə heyəti tərəfindən vacib məsələ kimi tez-tez müzakirə olunduğunu qeyd edib. Sonradan bu məsələ ilə bağlı İşçi Qrupunun yaradıldığını, UNESCO-nun insan resurslarını idarəetmə strategiyası çərçivəsində “Coğrafi bölgü”yə dair Fəaliyyət Planının hazırlandığını diqqətə çatdırıb. O bildirib ki, görülən tədbirlərə baxmayaraq, lazımi irəliləyişə hələ də nail olunmayıb və “Coğrafi bölgü”nü təkmiləşdirmək istiqamətində daha çox səylər göstərilməlidir. O, üzv ölkələrin qurumun Katibliyində təmsil olunması göstəricilərini təqdim edib və bəzi ölkələrin çox zəif təmsil olunduğunu diqqətə çatdırıb. Səfir qeyd edib ki, insan resurslarının idarəedilməsi bürosu İşçi Qrupunun Katibliyi rolunu oynayır. Katibliyin “Coğrafi bölgü”nün təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi müxtəlif tədbirlərdən, təbliğat, eləcə də işə qəbul proqramları, işə qəbul siyasətinin təkmilləşdirilməsindən danışıb və İşçi Qrupunun əldə etdiyi əsas mülahizə və fikirləri təqdim edib.

UNESCO-nun Sosial və İnsan Elmləri sektorunun icra aparatının rəhbəri Mariaqrasiya Skuçiarini süni intellekt texnologiyası sahəsində irəliləyişlərin sürəti və miqyası, yaratdığı müsbət və mənfi imkanlardan danışıb. UNESCO-nun süni intellekt etikası ilə bağlı tövsiyələrini xatırladıb.

İclasda Şərqi Avropa ölkələrinin müxtəlif namizədlikləri, mədəni təbirlər və bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

 

Arxiv üzrə axtarış