2021-10-13

UNESCO-nun İcraiyyə Şurasının 212-ci sessiyasında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının qurum yanındakı Qrupunun bəyanatı təqdim olunub

“Qoşulmama Hərəkatı (QH) yarandığı gündən Bandunq prinsiplərinə uyğun olaraq beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayır. Beynəlxalq sistemin bu gün üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, QH suveren dövlətlərə qarşı Birtərəfli Məcburi Tədbirlərin tətbiqini qınayır. Qoşulmama Hərəkatı, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, xarici işğal altında olan xalqların öz müqəddəratını təyin etmək hüququna riayət etməklə çoxtərəfli münasibətlər naminə müstəmləkə hakimiyyəti, zorakılığın qarşısının alınmasının təşviqi kimi beynəlxalq hüquq, eləcə də BMT Nizamnaməsində təsbit edilən beynəlxalq münasibətlər prinsiplərinin gücləndirilməsini müdafiə etməyə davam edəcək”, – UNESCO-nun İcraiyyə Şurasının 212-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının qurumdakı daimi nümayəndəsi, səfir Elman Abdullayev Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun adından təqdim etdiyi bəyanatda deyib.

O bildirib ki, Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrın 3 və 4-də COVID-19 pandemiyasına cavab olaraq təşkil edilmiş BMT Baş Assambleyasının Xüsusi Sessiyası da daxil olmaqla, QH qlobal miqyaslı mühüm tədbirlərin təşəbbüskarı kimi çıxış etdiyi çoxtərəfli əməkdaşlığın tərəfdarıdır və UNESCO-nun fəaliyyət sahələrində COVID-19 pandemiyasının mənfi təsirlərini aradan qaldırmaq səylərini alqışlayır.

Bundan əlavə, vurğulanıb ki, QH dövlətləri və digər maraqlı tərəfləri təhlükəsiz, keyfiyyətli, səmərəli, təsirli, əlçatan və əlverişli COVID-19 peyvəndlərinin ədalətli, şəffaf, bərabər, səmərəli, universal və vaxtında əldə edilməsini və paylanmasını və beynəlxalq əməkdaşlığı təmin etmək üçün müvafiq tədbirlər görməyə çağırır. Qoşulmama Hərəkatı məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün UNESCO və Qlobal Təhsil Koalisiyası tərəfdaşlarının fəaliyyətini habelə bütün şagirdləri məktəbə qaytarmağa və müəllimləri öyrənmədə yaranmış boşluqları həll etməyə və rəqəmsal texnologiyanı tədrisə tətbiq etməyə hazırlamağa kömək edən "Missiya: Təhsilin bərpası 2021" çərçivəsində UNESCO-nun qüvvələri birləşdirməsini yüksək qiymətləndirir.

QH-nın üzv dövlətləri Dayanıqlı İnkişaf Məqsədlərinin keyfiyyətli təhsil üzrə 4-cü bəndi və davamlı inkişaf üçün dinc və əhatəli cəmiyyətlərin təşviqinə dair 16-cı bəndi, xüsusilə də zorakılığın qarşısının alınması, cinayətkarlıq və terrorizmə qarşı mübarizə üzrə milli təsisatların möhkəmləndirilməsinə dair 16A bəndinə uyğun olaraq UNESCO-nun təhsil vasitəsilə Şiddətli Ekstremizmin qarşısının alınması istiqamətindəki səylərini alqışlayır.

Qoşulmama Hərəkatı insan hüquqlarının və əsas azadlıqların ciddi şəkildə pozulmasını təşkil edən və bərabər imkanlara mane olan hər cür irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya, birtərəfli məcburiyyət tədbirləri və hər cür dözümsüzlüyü qınadığını bir daha təsdiqləyir.

Səfir vurğulayıb ki, QH 1954-cü il Haaqa Konvensiyasının və Protokollarının prinsiplərinə uyğun olaraq, üzv dövlətlərin ərazilərində yerləşən bütün mədəni mülkiyyətin qorunması və silahlı münaqişə vəziyyətində mədəni sərvətlərin işğal olunmuş ərazilərdən çıxarılmasının qarşısını almaq öhdəliyini bir daha təkrarlayır.

Qoşulmama Hərəkatına üzv dövlətlər Mədəni sərvətlərin qorunmasına dair 1970-ci il Konvensiyasının BMT-nin üzv dövlətləri tərəfindən mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun tranzitinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında Konvensiyanın müddəalarının yerinə yetirilməməsi problemi ilə əlaqədar ciddi narahatlığını ifadə edir və UNESCO-nun Katibliyini 1970-ci il UNESCO Konvensiyasına və BMT Təhlükəsizlik Şurasının 2199 (2015), 2347 (2017) saylı qətnamələrinə və Baş Assambleyasının 73/130 saylı qətnaməsinə uyğun olaraq, dövlətlərin milli irsi və kimliyinə qarşı qanunsuz cinayətləri sərt pisləmək üçün onların səsinə qoşulmağa çağırır. 

Həmçinin, QH UNESCO-nun qeyri-maddi mədəni irsin qorunmasına dair beynəlxalq ictimaiyyətə mühüm töhfəsi olan “Qeyri-maddi mədəni irsin qorunması” haqqındakı Konvensiyasına, eləcə də dövlətlərin nəsildən-nəslə ötürülən və sülhün, tolerantlığın, birgə yaşayışın, insan hüquqlarına hörmətin və xalqların kimliyinin və mədəni müxtəlifliyinin təşviqi vasitəsi kimi mədəni təzahürlərinin etibarlılığını təmin etməyə sadiqliyini bildirir.

Qoşulmama Hərəkatı Ümumdünya Mədəni Müxtəliflik Bəyannaməsi, Fəaliyyət Planı və Davamlı İnkişaf üzrə 2030 Gündəliyi çərçivəsində beynəlxalq ictimaiyyətə böyük bir töhfə olan UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyasının əhəmiyyətini bir daha təsdiqləyir. 

QH UNESCO-nu Afrika və Gender Bərabərliyi mövzusunda qlobal prioritetlərini davam etdirməyə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə üstünlük verməyə çağırır.

Qoşulmama Hərəkatı beynəlxalq ictimaiyyəti İsrailə UNESCO Konvensiyaları da daxil olmaqla beynəlxalq qanunlar çərçivəsində öhdəliklərini xatırlatmağa çağırır. QH işğal altında olan ərəb ərazilərində ədalətin, təhsil və mədəni hüquqlar da daxil olmaqla  əsas hüquqların həyata keçirilməsinə, habelə paytaxtı Şərqi Qüds olan suveren və müstəqil Fələstin dövlətində Fələstin xalqının qanuni milli istəklərinin həyata keçirilməsinə çağırışını təkrarlayır.

Daimi Nümayəndə bildirdi ki, QH Haitinin Böyük Cənubunda 2000-dən çox insanın ölümünə səbəb olan dəhşətli zəlzələdən sonra Haiti xalqı ilə həmrəydir və zəlzələdən sonra şagirdlərin təhsillərini davam etdirə bilməsini təmin etmək üçün UNESCO-nu Haiti şəhərində təcili tədbirlər görməyə çağırır.

Sonda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə Azərbaycan və Serbiya tərəfindən 2021-ci ilin 11-12 oktyabr tarixlərində Belqradda təşkil edilmiş Yüksək Səviyyəli Xatirə Toplantısı alqışlanıb.

 

Arxiv üzrə axtarış