2021-11-03

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi Parisdə Qoşulmama Hərəkatının 60 illiyini qeyd etmişdir

«Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatına yeni həyat verdi, onu daha da canlandırdı. Qoşulmama Hərəkatı adından göründüyü kimi daim hərəkətdə olmalıdır. Azərbaycanın sədrliyi çərçivəsində Qoşulmama Hərəkatı daim hərəkətdədir», – bu fikirlər Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının 60 illik yubileyinə və Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbirdə səsləndirilmişdir.

Ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilmiş yubiley tədbirində UNESCO Baş direktorunun Afrika prioriteti və xarici əlaqələr üzrə müavini Eduard Matoko, eləcə də qurumda akkreditə olunmuş müxtəlif ölkələrin, xüsusilə də Qoşulmama Hərəkatına üzv ölkələrin səfirləri, diplomatları iştirak etmişdilər.

Tədbirdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, UNESCO baş direktorunun Afrika prioriteti və xarici əlaqələr üzrə müavini Eduard Matoko, Qoşulmama Hərəkatının ilk konfransı keçirilmiş Serbiyanın UNESCO yanında daimi nümayəndəsi, səfir Tamara Rastovak Siamaşvili və Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələri çıxış edərək, qurum haqqında və ölkəmizin sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslərdən danışmış, Azərbaycanın qurumun ən fəal üzvü olduğu qeyd edilmişdir.

Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığını deyən səfir Elman Abdullayev bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri”nin Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğun olduğunu diqqətə çatdırmışdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi məqsədilə Qoşulmama Hərəkatının Təmas qrupu ölkələrinin Zirvə görüşünün keçirildiyini, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının çağırıldığını xatırlatmışdır.

“Bildiyiniz kimi Azərbaycan 2021-2025-ci illər üçün İcraiyyə Şurasının üzvlüyünə namizədliyini təqdim etmişdir. Sizin dəstəyinizlə seçildiyi təqdirdə Azərbaycan Qoşulmama Hərəkatı ölkələri və beynəlxalq ictimaiyyətin digər üzvləri ilə birgə işləyəcəkdir. İcraiyyə Şurasında konsolidasiya edilmiş birgə səylərimizin ümumi işimizə xidmət etməsini, eləcə də təhsil, elm, mədəniyyət, kommunikasiya və informasiya vasitəsilə sülh mədəniyyəti, kasıblığın aradan qaldırılması, davamlı inkişafı təşviq etmək kimi nəcib missiyasında UNESCO-nu dəstəkləmək üçün müsbət rol oynayacağını təmin edəcəkdir”, – deyə səfir E.Abdullayev vurğulamışdır.

UNESCO Baş direktorunun Afrika prioriteti və xarici əlaqələr üzrə müavini Eduard Matoko və çıxış edən digər səfirlər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirdiyi layihələrə toxunaraq, ölkəmizin Hərəkata yeni həyat, yeni nəfəs verdiyini, onu canlandırdığını diqqətə çatdırmış, ölkəmiz tərəfindən həyata keçirilmiş layihələrə toxunmuşlar.

Tədbir Malidən olan Şek Tidyan Sekin rəhbərlik etdiyi caz qrupunun konserti ilə davam etmişdir.

Tədbir iştirakçıları Mədəniyyət Mərkəzində nümayiş olunan Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin əsərlərinin mövzuları əsasında hazırlanmış miniatürlərlə tanış olmuşdular.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib və bu məqsədlə dünyanın bir çox ölkələrində, eləcə də Fransada böyük şairin xatirəsi anılır.

Arxiv üzrə axtarış