2021-11-03

Frankofoniyanın 50 illik yubileyində Azərbaycan UNESCO yanında Daimi Nümayəndəliyi müşahidəçi qismində iştirak etmişdir

UNESCO yanında Frankofon – fransız dilli ölkələr Qrupunun təşkilatçılığı ilə qurumun mənzil-qərargahında Frankofoniyanın 50 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Sözügedən tədbirdə 31 fransız dilli ölkə iştirak etmiş, o cümlədən UNESCO yanında Azərbaycanın Daimi Nümayəndəliyi tədbirə müşahidəçi qismində qatılmışdır.

Tədbirin əvvəlində UNESCO yanında Frankofon – fransız dilli ölkələr Qrupunun prezidenti, Tunisin UNESCO yanında daimi nümayəndəsi, səfir Qazi Gerairi, Frankofoniya Baş Katibliyinin nümayəndəsi, UNESCO Baş direktorunun müavini çıxış edərək Beynəlxalq Frankofoniya Təşkilatının missiyasından söz açmış, mədəniyyətlərin mübadiləsi baxımından tədbirin əhəmiyyətinə toxunmuşlar.

Tədbirdə Azərbaycan guşəsi ölkəmizin turizm imkanlarını təşviq edən reklam lövhələri ilə tədbir iştirakçılarının diqqətini cəlb etmişdir. Daimi Nümayəndəliyimizin guşəsində milli suvenirlərimiz, misdən hazırlanmış su qrafini, dolça, şəkər qabı, gildən hazırlanmış vazalar, nar formasında şirniyyat qabları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış, mədəni kimliyimizin ayrılmaz hissəsi olan milli mətbəximizin dadlı təamları – dolma, eləcə də qutab stendimizin ziyarətçiləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Ölkəmizin guşəsində Azərbaycanın UNESCO-nun İcraiyyə Şurasınım üzvlüyünə namizədliyini təşviq edən broşürlar, eləcə də İRS jurnalı təqdim olunmuşdur.

UNESCO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda dolma hazırlama və paylaşma ənənəsi, lavaş bişirmə və paylaşma ənənəsi, xalça sənəti, Lahıc misgərlik sənəti, Nar bayramı, ənənəvi Nar Festivalı və mədəniyyəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bu baxımdan mədəni irsimizin tərkib hissəsi olan bu ənənə və sənətlər həmişə UNESCO-da Daimi Nümayəndəliyimiz tərəfindən təşviq edilir.

Tədbir Konqonun “Pierre Ngoula” ansamblının performansı ilə davam etmişdir.

 

 

Arxiv üzrə axtarış